Qubanın millət vəkili Rayon İcra Hakimiyyətinin yeni başçısından ağızdolusu danışdı

Qubanın millət vəkili Rayon İcra Hakimiyyətinin yeni başçısından ağızdolusu danışdı

16 Mart 2012 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 15-də prezident İlham Əliyev Mübariz Ağayevi Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Martın 16-da 52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov "Media forum" saytına açıqlamasında bu təyinata münasibət bildirib: "Mənim aldığım məlumata görə, Mübariz Ağayev səviyyəli bir insandır. Uzun illər Göyçay və Mingəçevirdə icra hakimiyyətinə başçılıq edib. O, martın 15-də Qubanın yeni başçısı kimi rayon ictimaiyyətinə təqdim olundu. Mən də orada iştirak edirdim. Martın 16-da səhər telefonla danışmışıq, əlimizdən gələn köməyi ona edəcəyik".

Yeni icra başçısının adının nəqliyyat naziri Ziya Məmmədovla əlaqələndirilməsinə gəlincə, deputat deyib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevdir və Mübariz Ağayev də Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə prezidentin sərəncamı ilə təyin olunub: "Yeni başçı prezident İlham Əliyevin kadrıdır".

Deputat bildirib ki, hazırda Qubada vəziyyət normaldır, heç bir problem yoxdur.

1 mart hadisələrində tutulanların azadlığa buraxılmasına gəlincə, Vahid Əhmədov deyib ki, həbs olunan beş nəfər hazırda dindirilir: "Yəqin ki, məsələlər araşdırılandan sonra elə bir ciddi problem olmayacaq".

Quba Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Rauf Həbibov vəzifəsindən martın 2-də çıxarılıb. Buna martın 1-də Qubada Rauf Həbibovun istefası tələbi ilə keçirilən etiraz aksiyası səbəb olub. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

1 mart hadisələrinin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Quba hadisələrinə görə tutulan beş nəfər Cinayət Məcəlləsinin 186.1 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinir. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

O.M.