Yaponiyanın Baş Naziri ilə Roma Papasının görüşündə qlobal önəm daşıyan bir sıra məsələlər müzakirə olunub
Yaponiyaya dördgünlük səfərini başa vuran Roma Papası Fransisk noyabrın 26-da Romaya yola düşüb.
Oxumeni.az xəbər verir ki, 50 minədək katolikin toplaşdığı Tokio qübbəsində dini ayini icra edib. Noyabrın 26-da isə o, özünün də məxsus olduğu ieuzitlər ordeni tərəfindən əsası qoyulmuş Sofiya Universitetinin tələbələri qarşısında çıxış edib.
Baş Nazirin ofisində keçirilən görüş zamanı Şinzo Abe Yaponiya və Vatikanı nüvə silahının olmadığı dünyaya can atan tərəfdaşlar adlandırıb. Bildirib ki, həm Yaponiya, həm də Vatikan dünyada sülhün mövcudluğunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, onlar yoxsulluğun aradan qaldırılmasına, insan hüquqlarının müdafiəsinə və ətraf mühitin mühafizəsinə çalışırlar.
Ş.Abe ümid etdiyini bildirib ki, Roma Papasının bu səfəri Yaponiya ilə Vatikan arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək.
Görüşdə tərəflər arasında beynəlxalq məsələlərin müzakirəsi ilə bağlı əlaqələrin möhkəmləndirilməsi, o cümlədən nüvə silahının ləğvi və qlobal istiləşmə ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edilib.
Regional məsələlərə toxunan tərəflər Şimali Koreyanın nüvə silahının ləğvi, oğurlanmış yapon vətəndaşları mövzularını da müzakirə ediblər.
Noyabrın 26-da Tokioda yerləşən Sofiya Universitetinin 700 nəfər tələbəsi qarşısında çıxış edən Roma Papası gənclərin özünütəcridi kimi bir sıra mənəvi məsələlərə və sosial problemlərə toxunub.
Yaponiyanı böyük uğurlara can atan ölkə kimi qiymətləndirən pontifik yapon xalqının xeyirxahlığın hökm sürdüyü daha humanist cəmiyyət yaratmaq cəhdlərini alqışladığını bildirib.
Qeyd edək ki, katoliklər Yaponiya əhalisinin cəmi bir faizini təşkil edir və Roma Papasının səfəri Asiya ölkələrindəki bu icmanı dəstəkləmək məqsədi daşıyırdı.
Pontifikin həm Tailandda, həm də Yaponiyada keçirdiyi dini ayinlərə ətraf ölkələrdən də insanlar qatılıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
































































































