Bu gün Ərdoğanın Twitter səhifəsində ona rişxənd etdilər

Bu gün Ərdoğanın Twitter səhifəsində ona rişxənd etdilər

8 Mart 2012 19:09
Bəyəndim (0) Bəyənmədim (0)
Oxucular 8 mart bayramı ilə əlaqədar yazılmış mesajın səmimiyyətinə inanmadı

Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Twitter səhifəsində kiçik bir qalmaqal yaşandı. Belə ki, Baş nazirin sözləri onu oxuyanlar arasında birmənalı qarşılanmadı. Hətta R.T.Ərdoğana istehzalı atmacalar atan da oldu. Baş nazirin müzakirəyə səbəb olan tviti bu cür səslənirdi: "Cənnəti anaların ayaqları altında tapdıq. Mən həmişə anamın ayağının altını öpdüm. Çünki orada cənnət qoxusu var".

Olduqca səmimi görünən bu fikir nədənsə auditoriyanı razı salmadı. İlk əvvəl Ata Vatan adlı istifadəçi Baş nazirə iradını bildirdi: "Ergenekon, Balyoz davasında aylardır sübutsuz yerə həbs yatanların analarının ayaqlarının altını öpməyə imkanları varmı?"

Suat Bozkuş adlı başqa bir istifadəçi isə ölkədə hələ də nail olunmayan sülhə rişxənd etdi: "İcazə versəydiniz, hər kəs anasının ayağını, analar da tapa bilsələr, uşaqlarının quru sümüklərini deyil, yanağını öpə biləydi."

Hilmi Kaplan adlı digər istifadəçi isə ölkədə qadınların və anaların vəziyyətinin son dərəcə ağır olduğuna diqqət çəkdi: "Hər şeydə olduğu kimi bunun da şərtləri var. Təəssüf ki, bu sərtlər müasir analara çətin gəlir".

Təbii ki, Baş nazir yazılan iradlara cavab vermədi və digər xəbərini yerləşdirməklə məşğul oldu.

Ana vətənin həqiqətlərinə göz yummaq olmaz. Ən azı ona görə ki, orada ana kəlməsi var...

Murad Şahməmmədov

O.M.