Jeenbekov Yaqub Eyyubovu qəbul edib

Jeenbekov Yaqub Eyyubovu qəbul edib

8 Oktyabr 2019 03:10
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekə gedib.

Oxumeni.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Baş Nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovu qəbul edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.

Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb.

Yaqub Eyyubov Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib.

Eyyubov qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir.

Görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.

Oxumeni.az