Rusiyanın Ali müftisi ölkə müsəlmanlarını satqınlıqda ittiham etdi

Rusiyanın Ali müftisi ölkə müsəlmanlarını satqınlıqda ittiham etdi

2 Mart 2012 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
"Rusiyanın məmurları elə bilirlər ki, müsəlmanlar və onların dini qurumları oyuncaqdır və bizi istədikləri kimi oynada, bölə bilərlər"

Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravil Qaynutdin bu gün "Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Ruhani İdarəsində (RAMRİ)" çıxış edərkən çox kəskin danışıb. Ali dini lider ölkə müsəlmanlarını passivlikdə və gözləmə mövqeyi tutmaqda ittiham edib: "Rus Pravoslav Kilsəsinin nüfuzu və fəaliyyət dairəsi durmadan artır. Biz bu məsələdə onlardan xeyli geri qalırıq. Pravoslavlar uşaq bağçasından tutmuş əsgərliyə və digər müəssisələrə qədər cəmiyyətin bütün sahələrində fəaldırlar. Hər şey onların diqqətində və nəzarətindədir. Keçmiş dini obyektlərini geri qaytarırlar. Biz isə ötən dörd il ərzində əl-qolumuzu sallayıb oturmuşuq. Ona görə də bölünür, parçalanırıq". Auditoriya ilə qəzəbli danışan Şeyx Ravil Qaynutdin daha sonra müsəlmanları savadsızlıqda, satqınlıqda ittiham edib: "Bəzi Mərkəzi dini idarələrin rəhbərləri qəpik-quruşa özlərini satıblar. Kimlərinsə əlində kuklaya, marionetkaya çevriliblər. Bir-birinə düşmən kəsiliblər." Ali dini lider Rusiyanın rəhbərliyindəki bəzi məmurları da tənqid edib: "Rusiyanın məmurları elə bilirlər ki, müsəlmanlar və onların dini qurumları oyuncaqdır və bizi istədikləri kimi oynada, bölə bilərlər. Həmin insanlar vəzifələrindən sui-istifadə edirlər. Onlar mənəviyyatlarını itirdikləri üçün müsəlmanları adam yerinə qoymurlar. Amma başa düşmürlər ki, cəzasızlıq şəraiti çox davam edə bilməz." Sonda müfti RAMRİ departament rəislərinə və şöbələrinə Rusiya Müftilər Şurasının fəaliyyət dairəsini ölkə ərazisində genişləndirməyi tapşırdı: "Yaxın zamanda 100 yeni dini cəmiyyəti və 10-dan az olmamaq şərtilə mərkəzləşdirilmiş dini təşkilatları qeydiyyata alın".

Belə getsə, Rusiya müsəlmanları "müsəlman" ruslara çevriləcəklər...

Murad Şahməmmədov

O.M.