
Qəbələ radiolokasiya stansiyasının icarəsinə dair Azərbaycanla Rusiya arasında danışıqlar dalana dirəndi
"Kommersant" qəzetinin məlumatına görə, rəsmi Bakı Qəbələ radiolokasiya stansiyasının illik icarə haqqını 40 dəfədən çox artırmaq niyyətindədir. Daha doğrusu, illik 7 milyon əvəzinə 300 milyon tələb edən rəsmi Bakı güzəştə getmək niyyətində deyil.
Rusiya Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, bu
rəqəm onları qane etmir, buna görə də rəsmi Moskva qiyməti kifayət qədər aşağı
salmağa çalışır: "Azərbaycan inadından əl çəkməsə, Müdafiə Nazirliyi
radiolokasiya stansiyasını tərk etmək təhlükəsi ilə üz-üzədir. Bu rəqəm heç nə
ilə əsaslandırılmır və kifayət qədər yüksəkdir, biz qiyməti aşağı salmağa
çalışırıq".
Qeyd edək ki, bu il Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə
Azərbaycan arasında imzalanmış 10 illik sazişin müddəti başa çatır. Moskva
müqavilənin müddətini 25 il artırmaq istəyir, bununla bağlı Bakıda aparılan
danışıqlarda razılaşma əldə olunub. "Kommersant" Azərbaycan tərəfinin illik
icarə haqqını əvvəlcə 7 milyondan 15 milyona, sonra 150 milyona, indi isə 300
milyona qaldırdığını bildirir. Bununla da danışıqlar dalana dirənib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə qəzetə bildirib
ki, Bakının güzəştə getməməyinin səbəbi Xəzərin hüquqi statusuna dair
danışıqlarda tutduğu mövqeyə görə Moskvadan heyf çıxmaq istəməsidir.
O.M.