
BMT-də Azərbaycan və Ermənistan nümayəndə heyəti arasında mübahisə düşdü
Təhlükəsizlik Şurasında qadın, sülh və təhlükəsizlik mövzusunda keçirilən debatlarda Azərbaycan və Ermənistan səfirləri arasında mübahisə yaranıb. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev silahlı münaqişələr nəticəsində qadınlara qarşı zorakılığı pisləyib, vurğulayıb ki, bütün tərəflər beynəlxalq humanitar hüquq və insan haqları ilə bağlı öhdəliklərə əməl etməlidir. Təhlükəsizlik Şurasının diqqətini Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə çəkən səfir xatırladıb ki, Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunan qətnamələrdə TŞ beynəlxalq humanitar hüququn pozulduğunu və dinc sakinlərə hücum olunduğunu qeyd edib.
O, əmin olduğunu bildirib ki, dövlət səviyyəsində, o
cümlədən beynəlxalq çərçivədə görülən tədbirlər nəticəsində günahkarlar
məsuliyyətə cəlb olunacaq.
A.Mehdiyev silahlı münaqişə nəticəsində qadınların əsir
götürüldüyünü və itkin düşdüyünü də qeyd edib, xatırladıb ki, Qadınların
Statusu üzrə Komissiyanın 54-cü sessiyası bu cür qadınları dərhal azad etməyə,
bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə səsləyib. "Cəzasızlıqla mübarizə
aparmaq üçün də tədbirləri gücləndirmək lazımdır", - deyə səfir vurğulayıb.
A.Mehdiyevin çıxışının ardınca Ermənistanın nümayəndəsi
Qaren Nazaryan söz alaraq nümayəndələrdən birinin aidiyyəti olmayan məsələlər
qaldırdığını bildirib, əlavə edib ki, ölkəsi müzakirə olunan məsələlərlə bağlı
TŞ və əlaqədar qurumlarla əməkdaşlığa sadiqdir.
Buna cavab olaraq A.Mehdiyev qeyd edib ki, Ermənistanın
nümayəndəsinin sözləri TŞ-ni çaşdırmaq məqsədi güdür. O bildirib ki, Ermənistan
mütəmadi olaraq dinc sakinlərə, o cümlədən qadınlara və qızlara qarşı törətdiyi
zorakılıq aktlarına haqq qazandırmağa çalışır: "Ermənistan nümayəndəsi
beynəlxalq sənədləri diqqətlə oxusa, bu cür məsələlərlə bağlı söz almaz. Bu
əməllərə görə işğalçı ölkə olan Ermənistanın məsuliyyət daşıdığı heç bir şübhə
doğurmur".
Ermənistan nümayəndəsi yenidən söz alaraq Dağlıq Qarabağla
bağlı TŞ qətnamələrini öz maraqlarına uyğun tərzdə şərh edib: "Azərbaycanın
Dağlıq Qarabağdakı hakimiyyətlə danışıqlardan imtina etməsi münaqişənin sülh
yolu ilə həllində əsas maneədir".
A.Mehdiyev yenidən söz alaraq qeyd edib ki, Ermənistan
hökuməti qeyri-ermənilərin yaşadığı bütün əraziləri təmizləyib, ona görə də bu
ölkənin nümayəndəsi insan haqları haqqında danışa biləcək ən axırıncı adam ola
bilər. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayan səfir
Ermənistanın mövqeyinin beynəlxalq sülh və təhlükəsizlik əleyhinə açıq çağırış
və ciddi təhlükə olduğunu qeyd edib.
Ümumi müzakirənin nəticəsi olaraq, Təhlükəsizlik Şurası
münaqişə və münaqişədən sonrakı dövrlərdə baş verən seksual zorakılıq halları,
beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması ilə bağlı
narahatlığını ifadə edib, bu cür əməllərə dərhal son qoymağa çağırıb.
O.M.