Türkiyəyə S-400-lər gətirildi: Ankara yeni müttəfiq axtarışında

Türkiyəyə S-400-lər gətirildi: Ankara yeni müttəfiq axtarışında

19 İyul 2019 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın bütün hədələrinə və etirazlarına baxmayaraq ötən həftənin sonlarında Türkiyəyə Rusiyadan S-400 zenit-raket kompekslərinin ilk partiyası gətirldi və hazırda onun digər hissələrinin də gətirilməsi prosesi davam edir. Təbii ki, Rusiyadan alınan S-400-lər Türkiyənin hava hücumundan müdafiəsini xeyli dərəcədə gücləndirəcək və ona bölgədə əlavə hərbi üstünlüklər verəcək. Lakin Rusiyadan alınan yeni zenit-raket kompleksləri Türkyənin NATO üzrə müttəfiqi ABŞ tərəfindən ilk günlərdən kəskin etirazlarla qarşılanıb. Vaşinqton rəsmi şəkildə bəyan edib ki, istənilən halda S-400-lərin alınması Türkiyəyə baha başa gələcək. Bu baxımdan Konqres tərəfindən S-400-lərin alınmasına görə Türkiyəyə sanksiya tətbiq edilməsi barədə qəbul edilən qərar da Ankara-Vaşinqton münasibətlərində yeni gərginliyə səbəb olub. Bu gərginlik öz növbəsində NATO-ya da sıçrayıb. Belə ki, NATO Baş katibi Yens Stoltenberq açıq şəkildə bəyan edib ki, istənilən halda S-400 zenit-raket komplekslərinin alınması bu hərbi qurumun maraqlarına cavab vermir. O, Türkiyəyə münasibətdə hərbi qurumun çətin seçim etmək məcburiyyəti qarşısında qalacağını və zərurət yaranacağı təqdirdə onun qurumdan xaric edilməsi məsələsinin gündəmə gətirilə biləcəyini belə istisna etmədiyini bildirib. Əslində Stotenberq bununla da yumşaq şəkildə S-400-lərə görə NATO-dan xaric edilə biləcəyi barədə Türkiyəyə özünəməxsus şəkildə xəbərdarlıq edib. Bütün bunlar isə öz növbəsində Türkiyənin nəinki ABŞ, həm də NATO ilə münasibətlərinin gərginləşməsinə gətirib çıxaran S-400 senit-raket komplekslərinin alınması ona lazım idimi? sualının ortaya çıxmasına səbəb olub. Bəri başdan deyək ki, Türkiyənin S-400-lərə görə beynəlxalq səviyyədə nələri itircəyi və nələri qazana biləcəyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi müzakirə hədəflərindən birinə çevrilib. Təbii ki, ilk növbədə Türkiyənin daxilində məsələyə münasibət böyük maraq doğurur. Bu baxımdan türkiyəli ekspertlərin və tanınmış siyasətçilərin əksəriyyəti, o cümlədən Ərdoğan iqtidarına münasibətdə düşmən mövqedə dayanan siyasi güc rəhbərləri belə S-400-lərin alınmasına münasibətdə onu dəstəkləyirlər. Bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu ABŞ-la yaşanan “S-400” gərginliyi barədə verdiyi açıqlama da sübut edir. CHP lideri Türkiyənin Rusiyadan əvvəl ABŞ-dan “Patriot” sistemləri almaq istədiyini, amma buna nail ola bilmədiyini bildirib.

“F-35” məsələsi və NATO ilə münasibətlər önəmlidir, amma bu coğrafiyada hava hücumundan müdafiə sistemlərinin zəif olması qəbuledilməzdir. Sistemlərin gücləndirilməsi və bu çərçivədə “S-400”-lərin alınması vacib idi”,- deyə Kılıçdaroğlu qeyd edib:

“ABŞ-ın sanksiyaların nə olacağını bilmirəm, amma Türkiyə müdafiə sistemini gücləndirir deyə sanksiya tətbiq etmək qəbuledilməzdir. Biz bunu doğru hesab etmirik. Türkiyə indiyədək xaricdən asılılığını azaldıb öz müdafiə sistemini gücləndirə bilməmişdi”.

Kamal Kılıcdaroğlunun bu açıqlaması Türkiyənin siyasi həyatındakı güclərin, o cümlədən xaricdəki tanınmış analitiklərin çoxu üçün gözlənilməz olub. Çünki Kılıcdaroğlu ölkə daxilində Ərdoğana sərt münasibət bəsləyən və onu mütəmadi olaraq tənqid edən siyasi liderlərdən biri hesab edilir. Belə hesab etmək olar ki, Qərbə yaxınlığı ilə tanınan və onlar tərəfindən Ərdoğana qarşı mübarizədə dəstəklənən Kılıcdaroğlu belə ABŞ və onun müttəfiqləri tərəfindən Türkiyəyə münasibətdə həyata keçirilən ikili standartlardan bezərək ölkənin milli maraqlarının təmin edilməsi məsələsində Ərdoğana dəstək verməyi daha məqsəduyğun hesab edib.

S-400-lərin alınmasına münasibətdə digər siyasi partiya liderləri də Ərdoğana dəstək anlamı gələn çıxışlar etməkdə davam edirlər. Buna adi bir misal kimi Yeni Rifah Partiyasının başqanı Fatih Ərbakanın S-400-lərin ölkəyə gətirilməsini müsbət dəyərləndirməsini göstərmək olar. O məsələ ilə bağlı mətbuata açıqlamasında qeyd edib ki, Türkiyə müstəqil ölkə olaraq istədiyi raket sistemini ala bilər. ABŞ burada özünə bağlı bir Türkiyə xəyal etdiyi üçün S-400-ə qarşı çıxır. Ərbakan deyib ki, Türkiyə özünün təhlükəsizliyini təmin etməlidir və bu hüququ özündə saxlayır və S-400-lərin alınması məsələsində Ərdoğan düzgün qərar qəbul edib. Ərbakan eyni zamanda S-400-lərin alınmasının Türkiyə üçün müsbət və mənfi cəhətlərin də olduğunu xüsusi vurğulayıb: "Türkiyə üçün önəmli olan tezliklə öz milli və yerli silahlarını istehsal etməsidir. Xarici ölkələrdən aldığınız silahlar tamamilə istehsalçı ölkənin nəzarətində olur. Mənbə kodları istehsalçı ölkənin əlində qalır. Təcili bir vəziyyətdə sistem yararsız hala gətirilə bilər. Bu səbəbdən lazım olan öz müdafiə sistemimizi, silahlarımızı, uzaq mənzilli raketlərimizi, tanklarımızı, təyyarələrimizi istehsal etməyimizdir. Əsl qurtuluş budur".

S-400-lərin alınması ilə bağlı Ərdoğna digər dəstək Milliyyətçi Hərəkat Partiyasının lideri, AKP-yəxüsusi rəğbəti ilə seçilən Dövlət Baxçalıdan gəlib. O mətbuata açıqlamasında deyib ki, S-400-ün Türkiyəyə gətirilməsindən yalnız ölkəsini sevməyən şəxslər narahat ola bilər:

“Milli təhlükəsizliyimiz və mənfəətlərimiz nəyi tələb edirsə, onu da edəcəyik. S-400-ə FETÖ-çü alçaqlar, PKK-çı canilər, qlobal güclər, CHP, İP, HDP qarşıdır, yəni zillət ölkənin müdafiəsindən narahatdır. Onlar nə deyirsə desin, S-400 ölkəmizə gətirilib. S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər tək kəlmə ilə cahildir, şəxsiyyətsizdir, köksüzdür”.

Baxçalı həmçinin S-400-lərin guya Suriyada tətbiq edilə biləcəyi və sarayın müdafiəsində istifadə ediləcəyi barədə deyilənləri də cəfəngiyyat adlandırıb:

“S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər cahildir”.

Türkiyə xaricində isə S-400-lərin alınmasına münasibət birmənalı deyil. Məsələyə münasibət bildirən ABŞ Qulf Analitik Mərkəzinin eksperti, politoloq Teodor Karasik deyib ki, S-400-lər Türkiyəyə böyük bir şey qazandırmayacaq. Karasik bunu Türkiyənin NATO üzvü olması və Rusiyanın etibarsiz, öz mttəfiqlərini istənilən an satmağa hazır olan ölkə olması ilə əlaqələndirib:

“Proseslərin start götürdüyü gündən bu vaxta kimi təkrarladığım bir şey var: S-400 raket sistemləri sadə şəkildə NATO sistemləri sırasına qoşula bilməz. Bu problem mövcuddur, aktualdır. Buna baxmayaraq, media və özünü ağıllı hesab edən bir sıra şəxslər sözügedən məsələ ilə bağlı danışmaqdan boyun qaçırırlar. Türkiyənin ABŞ-a və üzvü olduğu NATO-ya qarşı itaətsizliyi gözləntilərdən kənar hərəkət kimi hesab olunmalıdır. ABŞ digər ölkələrin oxşar addımlar atmasının qarşısını almaq üçün sanksiyalar tətbiq edəcək və CAATSA qanununu tətbiq edəcək”.

Politoloq bildirib ki, sanksiyalar sırasında Hindistan da ilk yerdədir:

“Silah sistemlərinin satışı və alışı ilə bağlı Tramp Administrasiyası ilə aparılan müzakirələr yekunlaşdıqda S-400-in xüsusi ölkələrə satışı hər bir halda yoxlanılacaq”

Azərbaycanda da Türkiyənin S-400-lər almasına münasibət fərqlidir. Əksər politoloqlar belə hesab edir ki, ABŞ-ın Türkiyəyə “Patriot” zenit-raket kompeksləri satmaqdan imtina etdiyinə görə Ankaranın Rusiyadan S-400-lər alması zərurətdən doğub və Ərdoğan bu məsələdə haqlıdır. Lakin S-400-lərin alınmasının Türkiyə üçün mənfi v tərəflərin olduğu da bəzi yerli poltoloqlar tərəfindən qeyd edilir. Məsələn, beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev ötən gündən başlayaraq Rusiyanın S-400-lərin hissələrini Türkiyəyə tədarük etməsini şərh edərkən deyib ki, Ankara bu məsələdə özünü çətinə salıb. O qeyd edib ki, S-400-lər Türkiyə üçün “tələdə pendir”dən başqa bir şey deyildi:

“Bu kontrakt ilə Rusiya Türkiyəni özünə bağlı hala gətirdi. Rusiyanın hesablaması çox dəqiq idi - raketləri alan Ərdoğanın Qərb ilə arası daha da pozulacaq, belə halda Ərdoğan mövqelərini gücləndirmək üçün məcburi olaraq arxasını Rusiyaya dayamağa və ondan daha geniş dəstək almağa məcbur olacaq”.

Rusiyadan alınan S-400-lərə görə, ABŞ və onun müttəfiqlərinin Türkiyə ilə əlaqələri kəsəcəyi barədə yayılan məlumatlara gəlincə Rusiya Dövlət Dumasının üzvü, politoloq Oleq Morozov bu tip iddiaların məntiqə söykənmədiyini deyib. O qeyd edib ki, S-400 məsələsinə görə ABŞ-ın Türkiyə ilə hərbi əlaqələrini tamamilə kəsəcəyini düşünmürəm:

“Təbii ki, ABŞ-ın sanksiya tətbiq etməsi mümkündür. Lakin düşünürəm ki, tərəflər ikisi üçün də faydalı ola biləcək danışığa gələcəklər. Onlar S-400-ün Türkiyədə qalması yönündə razılaşacaqlar”.

S-400-lərin Türkiyəyə gətirlməsi ilə Ankaranın Moskvanın müttəfiqinə çevriləcəyi də istisna edilmir. Politoloqların çoxu belə hesab edir ki, Türkiyə-Qərb münasibətlərinin daha da gərginləşməkdə olduğu indiki məqamda Ankaranın Moskva ilə müttəfiqlik yolu seçməkdən başqa çıxış yolu qalmayıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən jurnalist Dmitri Smirnov hələ 2016-cı ildə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin dediklərini xatırladıb. O qeyd edib ki, hələ 3 il əvvəl Jirinovski Türkiyənin Rusiyaya Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacağını deyib : “Cəmi üç il keçib, amma Jirinvoskinin sözləri artıq qeyri-real görünmür”.

Qeyd edək ki, həmin çıxışında Jirinovski həmçinin Türkiyənin NATO-dan çıxacağını və Şanxay Əməkdaşlıq Təşkilatıyla Gömrük İttifaqına üzv olacağını bildirmişdi.

Rusiyanın həqiqətən də Türkiyəyə müttəfiq ola bilib-bilmyəcəyini isə gələcək göstərəcək.

Emin Axund