Gürcüstanda etiraz aksiyaları: pərdəarxası oyunlar
Gürcüstanda bir həftəyə yaxındır davam edən etiraz aksiyaları səngimək bilmir. Aksiya iştirakçıları iqtidara qarşı sərt tələblərlə çıxış edir, hökumətin istefasını tələb edirlər. Bu baxımdan Gürcüstanda baş verən son hadisələr beynəlxalq aləmin də xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu da təsadüfi deyil. Gürcüstanda Rusiya əleyhinə çıxışların artması əslində Rusiyanın bölgədə işğalçılıq siyasətini davam etdirməsinin təzahürdür. Abxaziya və Cənubi Osetiyanın de-fakto Rusiya tərəfindən işğal edilməsi gürcülər arasında ruslara olan nifrətin əsasında dayanır. Ona görə də iyunun 20-də Gürcüstandan keçirilən 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı Rusiyaya qarşı daha bir nifrətin nümayişinə çevrildi. Buna da səbəb Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şüarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşısının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidze istefa verməyə məcbur oldu. ölkə başçısı isə öz "Facebook" səhifəsində Rusiyanı "düşmən" və "işğalçı" adlandırdı. Rusiyanın da buna cavabı özünü çox gözlətmədi. Bundan sonra Gürcüstanda Rusiya əleyhinə nümayişlərə Moskvadan da sərt reaksiya gəldi. Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Bu isə Gürcüstanın təxminən 250-300 milyon dollar itirməsi deməkdir. Lakin aydın məsələdir ki, bu da son deyil və Rusiya Gürcüstana münasibətdə digər təzyiq vasitələrini də işə salmağa cəhd edəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov Gürcüstanda baş verənlərin arxasında Qərbdəki pozucu ünsürlərin dayandığını iddia edib.
O, rusiyalı deputat Sergey Qavrilovun Tiflisə səfəri sonrası çıxan iğtişaşlardan Qərbi məsul tutub.Onun fikrincə, gürcü siyasətçilərinin xaricdən gələn məsləhətlərə kor-koranə qulaq asmaları əvvəl-axır böyük potensiala malik bir ölkənin beynəlxalq yardımdan mədət ummasına və Ukrayna təcrübəsini yaşamasına gətirib çıxaracaq.
"Bizim qərbli həmkarlarımızın məşğul olduğu geopolitik mühəndisliyinin növbəti nümunəsi Gürcüstanda göründü", - deyə Sergey Lavrov bildirib. Əslində Lavrov bununla da Gürcüstanı özünəməxsus şəkildə hədələyib.
Öz növbəsində Gürcüstanın keçmiş prezidenti Mixeli Saakaşvili Tbilisidə baş verən son hadisələrdə üçün bütün məsuliyyətin hakimiyyətin "xaç atası" Bdzina İvanişvilinin üzərinə düşdüyünü deyib.
Onun sözlərinə görə, Gürcüstanı işğalçı dövlətin vassalına çevirmək siyasəti yürüdən "Gürcü Arzusu" gürcü xalqının illərlə qazandığı demokratik ənənələri məhv edərək ölkənin müstəqilliyini təhdid altına qoyur: "Rusiya Gürcüstanda bir prezident tanıyır, o da İvanişvilidir. Bu gün polislərə xalqa amansız divan tutmaq əmrini də o verib. Gürcüstanda sivil, gerçəkdən də vətəndaşların təhlükəsizliyini təmin edən daxili işlər strukturlarını biz yaratmışıq. Mən buradan bütün polislərə səslənirəm, vətəndaşların irədəsini zorla qırmaq, dövlətimizi işğalçı ölkənin tapdağına çevirmək istəyən, ölkəni səfalətə, aclığa sürükləyən İvanişvili və onun komandasının əmrlərini yerinə yetirməyin, xalqın tərəfinə keçin".
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Vladimir Konstantinidi də yerli kanallara verdiyi açıqlamasında Rusiyanı Gürcüstanda vəziyyəti gərginləşdirməkdə günahlandırıb:
"Rusiya hərbi təcavüzlə Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziyanı və Osetiyanı işğal edib. XİN işğalın başa çatması üçün Gürcüstan tərəfinin səylərini davam etdirir. Biz bu məsələdə hər zaman Rusiyanın məsuliyyətini xatırladır və Kremlin gerçək siyasətinin əslində nə olduğunu öz adı ilə çağırırıq. Belə bir durumda Rusiyanın Gürcüstan parlamentində provakasiya yaradacaq olaylara yol açması yolverilməzdir və Gürcütan dövləti və cəmiyyəti buna imkan verə bilməzdi".
Gürcüstanda baş verənlərin arxasında xarici güclərin dayandığı da ehtimalı da kofayət qədər yüksəkdir. Məsələ ilə bağlı AYNA-ya açıqlamasında
Gürcüstanda fəaliyyət göstərən Qafqaz üzrə İnsaq Haqları Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov deyib ki, ölkədə son vaxtlar xarici siyasi güclər yenidən fəallaşıblar.Onun sözlərinə görə sözügedən aksiya bir günün içərisində baş qaldırmayıb və siyasi partiyalar, müxtəlif qüvvələr bu aksiya üçün öncədən hazırlıq görürdülər: "Eyni zamanda, burada Rusiya və ABŞ öz güclərini nümayiş etdirir. Meydandakı qüvvələr həmin böyük dövlətlərin güc nümayişinin təzühürüdür".
Gürcüstanda rusiyapərəst güclərin fəallaşmasını Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifovun dedikləri də sübut etməkdədir. Onun sözlərinə görə, son iki ayda burada olan ruspərəst partiyalar həddindən artıq aktivləşiblər:
"Məsələn, Azərbaycan torpağında yeləşən bir kilsəyə görə aksiyalar keçirildi. Azadlıq Meydanında rusiyapərəst Patriotlar Alyansı Partiyası çox böyük mitinq keçirdi, hətta Azərbaycanı işğalçı adlandırdı. Və ya Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın "Ayasofya məscid olacaq" açıqlamasına belə, etiraz edən bu qüvvələr elə bir imic yaratmaq istəyirdilər ki, sanki Gürcüstanın bütün siyasi, mədəni həyatının məsuliyyətini onlar daşıyırlar. Lakin dünənki mitinq göstərdi ki, bu, belə deyil".
Hüseyn Yusifov, həmçinin də qeyd edib ki, indidən hadisələrin gələcəyi ilə bağlı proqnoz vermək çətindir: "Qərbyönümlü və ruspərəst qüvvələrin qarşıdurmasının hansı nəticələr doğuracağnı birlikdə müşahidə edəcəyik".
Məsələyə münasibət bildirən politoloq Şahin Cəfərli də qeyd edib ki, hazırda Gürcüstanda baş verənləri "mini Avromaydan" adlandırmaq olar.O axar.az-a verdiyi açıqlamasında deyib ki, son vaxtlar özünün "yumşaq güc" vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi.
Şahin Cəfərlinin fikrincə bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi "Gürcü Arzusu"nun mövqelərinə zərbə vuracaq: "Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə "gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu" qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vasadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. (Vasadze Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub və Duginin dostudur.) Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir".
Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi şübhəsiz ki, ən çox Ermənistanda narahatlıqla qarşılanır. Ermənistanın Rusiyaya yeganə çıxış yolunun Gürcüstan ərazisi olduğunu nəzərə alsaq, onda Moskva-Tbilisi münasibətlərinin xoşgəlməz istiqamətdə inkişaf etməsinin Yerevana yaxşı heç nə vəd etmədiyi göz qabağındadır. Ona görə də indidən Ermənistandakı bəzi güclər həyəcan təbili çalaraq hökuməti vəziyyətlə bağlı müvafiq tədbirlər görməyə çağırırlar. Son məlumatlara görə Gürcüstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar Lars aşırımında nəqliyyatın gediş-gəlişi dayandırılıb. Məsələyə münasibət bildirən Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib ki, Rusiya-Gürcüstan münasibətlərində gərginlik Ermənistanın maraqlarına uyğun deyil: "Biz çox narahatıq. Rusiya bizim müttəfiqimiz və qardaş ölkəmizdir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir".
Beləliklə Gürcüstan yenidən siyasi baxımdan oz tarixinin ən "isti" yayını yaşamağa başlayıb və hadisələr istənilənan məcrasından çıxaraq xoşgəlməz istiqamətdə inkişaf edə bilər.
Emin Axund
Mediainfo.az



































































.jpg)
.jpg)
.jpg)
























