Azərbaycan-Türkiyə hərbi təlimləri: sarsılmaz dostluğun nümayişi
Dağılıq Qarabağ münaqişəsinin həlli ətrafında aparılan danışıqların uzanmaqda davam etməsi Azərbaycanı vəziyyətdən çıxış yolu kimi öz hərbi gücünü ildən-ilə daha da artırmağa vadar etməkdədir. Çünki hadisələrin gedişi göstərir ki, Rusiya tərəfindən açıq şəkildə dəstəklənən Ermənistan hər vasitə ilə danışıqları uzatmaq siyasətini davam etdirərək mövcud status-kvonun qorunub saxlanılmasına çalışır. Buna paralel olaraq Ermənistan rəhbərliyi tərəfindən son vaxtlarda qoşunların təmas xəttində düşmən snayperlərin fəallaşması və nəticədə iki nəfər azərbaycanlı hərbçinin öldürülməsi də münaqişənin həllinin dinc vasitələrlə həllinin mümkün ola bilməyəcəyini bir daha təsdiq etməkdədir. Təbi ki, Azərbaycanın yenə də düşmənin təxribatına qarşı müharibəyə hazırlaşmaqdan başqa çıxış yolu qalmır. Bu baxımdan Azərbaycan Müdafiə nazirliyinin son dövrlərdə mütəmadi olaraq keçirdiyi hərbi təlimlər şübhəsiz ki, qarşı tərəfin təxribatlarının qarşısının alınmasına və zərurət yaranacağı təqdirdə düşməni yerində oturtmağa, aprel döyüşlərində olduğu kimi ona ağır zərbələr vurulmasına xidmət edir. Xüsusi ilə Azərbaycanla qardaş Türkiyə arasında keçirilən birgə hərbi təlimlər ordumuzun döyüş qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət etməkdədir. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin durmadan artmaqda davam etdiyi bir vaxtda iyun ayının 7-də Naxçıvanda başlayan və 5 gün davam edən Azərbaycan-Türkiyə "Sarsılmaz qardaşlıq-2019" birgə taktiki təlimləri diqqəti cəlb edib. Birgə hərbi təlimlərdə hər iki ölkədən 5000-ə qədər hərbçi, 200 ədəddən çox tank və başqa zirehli texnika, 180-ədək müxtəlif kalibrli raket-artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi, 21 təyyarə və helikopter, pilotsuz uçuş aparatları, çağdaş silahların və hərbi texnikanın silahlanmaya qəbul edilən müxtəlif nümunələri cəlb olunmuşdu. Belə böyük bir miqyaslı birgə hərbi təlimlərin keçirilməsi isə şübhəsiz ki, uzaqgedən məqsədlərə xidmət edir. Çünki qeyd etdiyimiz kimi Naxçıvanda keçirilən irimiqyaslı birgə hərbi təlimlərin ərazilərinin 20 faizinin işğal atında olan Azərbaycan üçün ordunun döyüş qabiliyyətinin artırılması baxımından əhəmiyyəti olduqca böyükdür. Onu da deyək ki, Azərbaycan ordusunun ötən il Naxçıvanda əvvəllər düşmən tərəfindən işğal edilən ərazilərin böyük hissəsini azad etməsi Bakının addım-addım düşmən tapdağı altında olan ərazilərmizi azad etmək taktikasını uğurla həyata keçirməkdə olduğunu təsdiq etdi. Birgə hərbi təlimlərdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Birləşməsinin bölmələri, müxtəlif güc qurumları yüksək peşəkarlıq nümayiş etdirdilər. Hərbi təlimlərdə qərargahların birgə döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksəldilməsi və birgə vəzifələri icra etmək vərdişlərinin inkişafı yolu ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini əlaqələndirilməsi uğurla həyata keçirildi. Onu da deyək ki, Azərbaycan ilk dəfə deyil ki, Türkiyə ilə birlikdə Naxçıvanda hərbi təlimlər keçirir. Bu hərbi təlimlərin hamısı da uğurla başa çatdırılıb və nəticədə ordumuzun döyüş qabiliyyəti daha da artıb. Naxçıvanda keçirilən birgə hərbi təlimlərin Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hülusi Akar tərəfindən də izlənməsi onun böyük önəm daşımasının nümayişinə çevrildi. Təbii ki, Naxçıvanda keçirilən birgə Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistan və ona dəstək verən ölkələr tərəfindən də xüsusi diqqət mərkəzində olub. Bəzi hərbi ekspertlər tərəfindən belə bir fikir vurğulanır ki, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistana qarşı çevrilib. Məsələ ilə bağlı iddia edilir ki, guya Dağlıq Qarabağda müharibə yenidən başlayacağı təqdirdə Azərbaycan Naxçıvandan cəmisi 80 kilometr məsafədə yerləşən Yerevana, həmçinin işğal edilmiş ərazilərimizdəki erməni hərbi birləşmələrinə zərbələr endirə bilərlər. Lakin belə bir ehtimallar yalnız nəzəri baxımdan düz görünə bilər. Çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və Naxçıvandan düşmən ölkəyə qarşı açılan hər hansı atəş Rusiyanın Ermənistanın hərbi yardımına gəlməsinə səbəb ola bilər. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki belə əməliyyatlar KTMT üzvü olan dövlətə qarşı təcavüz aktı kimi dəyərləndirilə və onları Ermənistanın hərbi yardımına gəlməsi üçün hərəkətə keçməyə məcbur edə bilər. Bu baxımdan Bakı və Ankarada çox gözəl bilirlər ki, Rusiya və Ermənistan arasında sazişə əsasən, Rusiyanın Ermənistanda mənzillənmiş 102-ci hərbi bazası Rusiya Federasiyasının maraqlarını qorumaq funksiyanı həyata keçirir, eyni zamanda respublikanın bütün sərhədləri boyunca onun təhlükəsizliyini də təmin edir. Belə bir vəziyyətdə istənilən halda Azərbaycanın Naxçıvandan Ermənistana hücum edə biləcəyi və belə bir fikrə düşəcəyi inandırıcı görünmür. Nəhayət məsələ ilə bağlı onu da xatırladaq ki, Naxçıvan 1921-ci il mart ayının 16-da Türkiyə ilə Sovet Rusiyası arasında imzalanan anlaşmaya əsasən xüsusi statusa malikdir.
Anlaşmanın 3-cü maddəsinə əsasən Naxçıvan muxtar ərazi hüququnda
Azərbaycan SSR-in tərkibinə daxil edilib. 3-cü maddədə bununla bağlı deyilir: "Razılaşmaya gələn hər iki tərəf yekdildir ki, Naxçıvan vilayəti indiki sazişin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın bu protektoratı heç bir üçüncü dövlətə güzəştə getməyəcəyi şərtilə Azərbaycanın himayəsi altında muxtar ərazi formalaşdırır".
Onu da deyək ki, saziş günümüzdə də qüvvədədir. Aydın məsələdir ki, belə bir vəziyyətdə nə Azərbaycan, nə də Türkiyədən Ermənistana hücum edilməsi inandırıcı görünmür. Sadəcə olaraq Azərbaycan və Türkiyə üçün Naxçıvana gözlənilə biləcək hər hansı hücuma qarşını almağa hazırlaşmaq xüsusi önəm daşıyır. Belə bir hücum isə yalnız Ermənistan deyil, digər ölkə tərəfindən də həyata keçirilə bilər. Buraya İranı da, PKK-dan gələn təhlükəni də əlavə etmək olar. Yeri gəlmişkən onu da qeyd edək ki, İranla ABŞ arasında davam edən gərginlik bölgəyə də öz təsirini göstərməkdədir. Tehranla Vaşinqton arasında müharibə başlayacağı təqdirdə Naxçıvana İran ərazisindən, Cənubi Azərbaycandan böyük qaçqın axını ola biləcəyi istisna edilmir. Bu isə Naxçıvan üçün fəlakət demək ola bilər. Yəni istənilən halda Naxçıvanın İran-ABŞ savaşının ağır nəticələrinə məruz qalması, hətta hər hansı bir ehtiyatsız hərəkət nəticəsində münaqişəyə cəlb edilə bilməsi ehtimalı da gündəmdədir. Belə bir vəziyyətdə Azərbaycan-Türkiyə hərbi birlikləri vəziyyəti nəzarət altında saxlamaq üçün müxtəlif tədbirlər həyata keçirə bilərlər. Naxçıvanda keçirilən birgə Azərbaycan-Türkiyə hərbi təlimləri əslində Yaxın Şərqdə əmələ gələn indiki hərbi-siyasi vəziyyət baxımdan Ankara üçün də daha çox strateji əhəmiyyət daşıyır. Çünki ABŞ-la Türkiyə arasında S-4000 zenit-raket komplekslərinin alınmasına görə yaranan gərginlik artıq öz sərhədlərini aşaraq digər ölkələrin də bu prosesə cəlb olunması təhlükəsini əmələ gətirib. Xüsusi ilə ABŞ-ın Suriya münaqişəsində PKK-nı pərdə arxasından dəstəkləməsi və onlardan Türkiyəyə qarşı istifadə etmək niyyətində olduğunu gizlətməməsi Ankarada əsəbiliklə qarşılanmaqdadır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Reqnum agentliyinin əmədaşı politoloq Stanislav Tarasov yazır: "ABŞ birmənalı şəkildə kürdlərə bel bağlayır və işi buna doğru aparır ki, ən yaxşı halda ölkəni federallaşdırmaq prosesinə başlasın. Onda Türkiyə Naxçıvanda hərbi baza qurmaqla kürdlərin qabağını almağa başlaya bilər".
Şübhəsiz ki, Naxçıvanın İran, PKK və ya digər gözlənilməz təhlükələrdən xilas edilməsi həm Türkiyə , həm də Azərbaycan üçün strateji önəm daşıyır.Ona görə də Naxçıvanda başa çatan birgə Azərbaycan-Türkiyə hərbi təlimləri hər iki ölkənin hərbi strateji və siyasi maraqlarına cavab verir.
Səda



































































.jpg)
.jpg)
.jpg)


























