Dövlət Gömrük Komitəsinin Akademiyasında "Xocalısız 27 il" adlı anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Xocalısız 27 il" adlı anım tədbiri keçirilib

26 Fevral 2019 21:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Xocalı soyqırımı zamanı şəhid olan soydaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, Akademiyanın rəisi Qulu Novruzov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən xüsusi vəhşiliklə törədilən soyqırım haqqında danışaraq, bu faciənin bəşər tarixində qanlı və silinməz izlər buraxan xüsusi qəddarlıq nümunəsi olduğunu vurğulayıb.

1988-ci ildən azərbaycanlılara qarşı növbəti məkrli siyasətə qol qoyan ermənilərin Xocalı soyqırımını törədərək dinc, əliyalın əhaliyə qarşı amansız terror həyata keçirdiklərini, bununla da, beynəlxalq humanitar hüququn normalarını, insan haqlarına dair konvensiyalarda hələ 100 il öncə təsdiqini tapmış müddəaları tapdaladıqlarını diqqətə çatdırıb. İnsanların məhz Azərbaycan türkü olduqları üçün qətlə yetirildiklərini qeyd edən Qulu Novruzov dünya birliyinin bu faciəyə hüquqi, ictimai-siyasi qiymət vermədiyini bildirib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə ciddi addımlar atıldığını deyən Qulu Novruzov 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunduğunu və həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Akademiya rəisi, o cümlədən Heydər Əliyev Fondu tərəfindən xarici dillərdə Xocalı soyqırımına dair həqiqətləri özündə əks etdirən nəşrlərin dünya universitetlərinin kitabxanalarına paylanıldığını deyib.

O da qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası Xocalı faciəsinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm addımlardan biridir.

Tədbirdə kinorejissor Ziya Şıxlinskinin Xocalı soyqırımına həsr olunmuş "Dua" filmi nümayiş olunub, Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) Cahangir Cahangirov adına Xorunun kiçik heyəti "Şəbi-hicran" ədəbi kompozisiyasını ifa edib.

Eyni zamanda Akademiyanın tələbələrinin ifasında "Xocalısız 27 il" adlı bədii kompozisiya da nümayiş etdirilib.