"Thunder" "Suxoy"a qarşı – Pakistan HHQ-nin zabitindən ANALİZ

"Thunder" "Suxoy"a qarşı – Pakistan HHQ-nin zabitindən ANALİZ

23 Fevral 2019 08:24
Bəyəndim (0) Bəyənmədim (0)

Kayzer Tufayl
Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan kommodoru, Pakistan HHQ-nin istismarı üzrə keçmiş direktor, hərbi ekspert
Xüsusi olaraq Ordu.az üçün


Son bir neçə həftə ərzində, Azərbaycan və Ermənistanın KİV-lərində və sosial şəbəkələrdə hansı təyyarələrin - Ermənistanın Rusiyadan alacağı Su-30SM təyyarələrinin, yoxsa Azərbaycanın Hərbi Hava Qüvvələrində tezliklə döyüş növbətçiliyinə cəlb ediləcək Pakistan-Çin birgə istehsalı olan JF-17 "Thunder" qırıcılarının hansının daha güclü olması barədə kəskin müzakirələr aparılır.

Birincisi, Pakistan Hərbi Hava Qüvvələri ilə birbaşa əlaqəsi olan və ikincisi, "Pakistan Aeronautical Complex" (PAC-Pakistan Aeronavtika Kompleksi) üçün bu təyyarələr haqqında geniş hesabat hazırlayan bir şəxs olaraq, hansı təyyarənin daha güclü və ya yaxşı olmasına dair arqumentlərə aydınlıq gətirmək istərdim.

Əvvəla Su-30SM və JF-17 yaxşıdırlar, lakin təmamilə fərqli qırıcılardır. Su-30SM uzaq məsafələrdə və uzun müddət fəaliyyət üçün nəzərdə tutulan çoxməqsədli qırıcıdır. Rusiya, Çin və Hindistan kimi geniş əraziləri olan ölkələr üçün uyğundur. Ermənistanın ərazisi çox kiçik olduğu üçün bu vəziyyət Su-30SM qırıcısının zəif nöqtəsinə çevriləcək, çünki o sadəcə kifayət qədər gücə malik olmayacaq. Bununla yanaşı, SM modifikasiyasının gücünün MK və MKM kimi modifikasiyaların gücündən daha aşağı olduğunu da başa düşmək lazımdır.


JF-17 qırıcıları isə orta məsafələrdə əməliyyatlar aparmaq üçün hazırlanıb və Pakistan Hərbi Hava Qüvvələri tərəfindən 12 ildir uğurla istifadə olunur. Su-30SM-in istismar xərcləri JF-17-dən bir neçə dəfə çoxdur. JF-17-dən fərqli olaraq, Su-30SM-də ekipaj iki pilotdan ibarətdir. Buna görə də ekipaj təliminə də ciddi diqqət yetirilməlidir - bu isə erməni hərbi büdcəsini ciddi şəkildə sümürəcək uzun və bahalı bir prosesdir. JF-17 isə daha sadədir və istismarı daha ucuzdur.

Bu qırıcıların döyüşdə tətbiq olunmasına gəldikdə isə Su-30SM və JF-17 hava döyüşü üçün yaxşı uyğunlaşdırılıb. Lakin, vizual hava döyüşü vəziyyətinə gələnə qədər həm yerüstü radar, həm də JF-17-in gövdə radarı daha böyük en kəsik sahəsinə malik olduğu üçün Su-30-u daha erkən aşkar etməyə nail olacaq. Bu ciddi bir çatışmazlıqdır, bu səbəbdən JF-17 daha əvvəl raket buraxacaq. Hava döyüşündə isə Su-30SM böyük ölçülərinə görə JF qırıcısını görüntü sahəsində çox asan saxlaya bilər. Bundan əlavə, Su-30SM iki mühərrikə malik olduğu üçün böyük infraqırmızı termal siqnaturaya malikdir, bu isə onun termal raketlərə qarşı daha həssas olmasına şərait yaradır. JF-17-nin digər bir üstünlüyü eyni anda 15 hava hədəfini izləmək və eyni zamanda 4 hədəfi "ələ keçirmək" bacarığıdır.


Bu təyyarələrin dağlıq ərazidəki döyüş əməliyyatlarında istifadə edilməsi ilə əlaqədar olaraq, deyə bilərəm ki, həm Su-30SM, həm də JF-17 belə şəraitdə asanlıqla fəaliyyət göstərə bilər. Lakin gövdə radarı dağlıq ərazilərdə problem ola biləcək yerdən müdaxiləni neytrallaşdıra bilməlidir. JF-17-də olan KLJ-7 radarları çox səmərəlidir və yerdən müdaxiləni dəf edə bilir. Bu təyyarələrdə uçan pilotlar bu radarları F-16-nın APG-68V radarı ilə müqayisə edirlər və onu tərifləyirlər. Yeri gəlmişkən, JF-17 qırıcıları Türkiyənin SOM raketlərinə bənzər iki ədəd qanadlı raketi daşıya bilir. Mənim sözlərimin təsdiqi kimi, Hərbi Hava Qüvvələrinin JF-17-də quraşdırılan Pakistanın "Raad" qanadlı raketinin sınaqlarını müvəffəqiyyətlə keçirməsini göstərə bilərəm. SOM kimi, "Raad" raketi də "stels" texnologiyadan istifadə edilərək yaradılıb ki, bu da ona düşmən radarı tərəfindən aşkar edilməsinə imkan vermir.

Sonda demək istəyirəm ki, Ermənistan kimi kiçik bir ölkə üçün Su-30SM-in istifadəsi məntiqsizdir. Həm də Azərbaycan Su-30-a qarşı mübarizə aparacaq müasir HHM sistemlərinə malikdir. Digər tərəfdən, JF-17 Azərbaycan üçün ideal seçimdir. Bununla yanaşı, Azərbaycan üçün digər bir üstünlük də Pakistanın zəruri hallarda təyyarələrin texniki xidmətində yardım göstərməyindən ibarət olacaq. Hərbi əməliyyatlar baxımından bu mühüm amildir.