İranın Abbas Lisaniyə qarşı kəskin addımı yaxşı nəticə verməyəcək

İranın Abbas Lisaniyə qarşı kəskin addımı yaxşı nəticə verməyəcək

6 Fevral 2019 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq 20 gündən çoxdur ki, İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılan Güney Azərbaycan Milli Hərəkatının öncüllərindən olan Abbas Lisaninin harda tutulduğu ilə bağlı ailəsinə və yaxınlarına məlumat verilmir. Həm Güney, həm də Quzey Azərbaycanda ictimai fəallar Abbas Lisaninin hazırkı sağlıq durumu ilə bağlı narahatlıq ifadə edirlər. Hazırda onun azadlığa çıxarılması, ailəsinə durumu haqqında məlumat verilməsi üçün kampaniya həyata keçirilir.

Olay barədə Modern.az-a danışan Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan xatırladıb ki, bu cür hadisə Abbas Lisani ilə bağlı ilk deyil:

"O, bu məsələdə yeni adam deyil. Abbas Lisani ilk dəfə Babək qalasına yürüşdən sonra həbs edilmişdi. Sonrakı həbsində isə barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. Azadlığa çıxdıqdan sonra isə yenə də Azərbaycan türklərinin haqlarının təmin olunması istiqamətində çıxışlar etdi. Dekabr ayında, "21 Azər" hərəkatının ildönümü ərəfəsində və ondan sonra da Güney Azərbaycanda çıxışları ilə gündəmə gəlmişdi. Yanvarın 15-də onun mühakimə edilib, polis əməkdaşları tərəfindən Ərdəbilə aparıldığı barədə məlumat yayıldı. Amma onun harada həbsdə olması, saxlanması məlum deyil. Ona görə, "Mən Abbas Lisaniyəm!", "Abbas Lisaniyə azadlıq!" və s. şüarlar səsləndirilir, kampaniyalar həyata keçirilir. Həm Güney Azərbaycanda, həm də Azərbaycan Respublikasında, eləcə də diaspor nümayəndələri Abbas Lisaninin azadlığa çıxması, harada saxlanması ilə bağlı etiraz edir, müraciətlər səsləndirirlər".

Sədrəddin Soltan düşünür ki, İran hakimiyyəti Abbas Lisaniyə qarşı ciddi addımlar atmayacaq:

"Çünki Abbas Lisani İranda, Güney Azərbaycanda tanınmış milli mədəni fəaldır. Ona qarşı İranın kəskin addımı yaxşı nəticə verə bilməz. Xüsusilə, Tehran hökumətinin indiki vəziyyətində Abbas Lisaniyə və digər məhbuslara qarşı sərt davranması baş ucalığı gətirməyəcək".