İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

İlham Əliyev Davosda mühüm görüşlər keçirdi

22 Yanvar 2019 22:05
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

***

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Visa" şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Visa" brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda CISCO şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridirib. Gerri Elliott CISCO şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb. Bu baxımdan Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin Azərbaycanın inkişafında əsas amillər olduğunu qeyd edib.

Xanım Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğulayıb. O, CISCO-nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev CISCO şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb. Dövlət başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirib. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda SAP SE şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.

Görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlət başçısına təqdim edib.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirib. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında "SAP SE" şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib. Qeyd edib ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Bill Makdermot vurğulayıb ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğulayıb ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Prezident İlham Əliyev SAP SE şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

***

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

***

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Görüşdə "LUKoil" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.

***

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Məlumata görə, görüşdə "Total" şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən "Abşeron" layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Signify" şirkətinin (keçmiş "Phillips Lightning) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Dövlət başçısı eyni zamanda "Maykrosoft" şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə də görüşüb.(axar.az)