
Ziyalılar Forumunun iclası Rüstəm İbrahimbəyovun evində keçirildi
Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun evində keçirilən
forum Azərbaycan gənclərinin problemlərinə həsr olunub. Tədbiri açıq elan edən
R.İbrahimbəyov deyib ki, gənclərin mövcud problemlərinin araşdırılması məqsədilə
yığıncağın açıq müzakirələr formasında keçirilməsini arzulayır.
Professor Cəmil Həsənli qeyd edib ki, gənclərin problemlərinə
həsr olunan forumu çoxdan keçirmək istəyiblər, lakin bu mümkün olmayıb: "Görünür,
gecikmədə də bir pozitivlik var. Tədbirimiz gecikdi və 2 fevral - gənclər günü ərəfəsinə
təsadüf etdi. Ölkənin gələcəyində və taleyində yaxından iştirak etmək və ona
biganə olmamaq üçün say məsələsi az rol oynayır. Əsas bu işdə iştirak edənlərin
çəkisidir". C.Həsənli qeyd edib ki, hazırda ölkədə olan problemlər arasında gənclərin
qarşılaşdıqları çətinliklər xüsusi yer tutur: "Azərbaycanın gələcəyi gənclərin intellektual
səviyyəsindən, təhsilindən, dünyada baş verən proseslərdən çıxış yolları
tapmasından, vətənçilik hislərinin səviyyəsindən asılıdır". C.Həsənli bildirib
ki, Azərbaycanda işsizlərin böyük bir hissəsi gənclərdir: "Ali təhsil almaq istəyənlərin
sayı ildən-ilə azalır. Bu vəziyyət belə davam etsə, gələcəkdə belə gənclərin
sayı daha da azalacaq. Dövlət hesabına xaricdə təhsil alan gənclərin ölkəyə
döndükdən sonra işlə təminatında problemlər yaranır. Ona görə də həmin gənclər işləmək
üçün xaricə getmək məcburiyyətində qalırlar".
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ölkədə
gənclərin problemləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb və
təhsilin keyfiyyəti, gənclərin məşğulluğu, mənzil təminatı, neft gəlirlərindən
nə dərəcədə bəhrələnməsi problemlərindən danışıb: "2011-ci ildə orta məktəb
buraxılışının 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib. Ali məktəblərə
qəbul üçün ərizələrin sayı ötən illə müqayisədə 4,47 faiz, son yeddi ildə isə
orta məktəb məzunlarının sayı 27 min 635 nəfər azalıb. Orta təhsilini 4-5 qiymətlərlə
başa vuran 2457 nəfər ali məktəblərə qəbul zamanı 0-100 bal arasında nəticə
göstərib. Qəbul imtahanlarında iştirak edənlərin 28,12 faizi 0-100 bal arasında
nəticə göstərib".
Qubad İbadoğlu gənclərin məşğulluq probleminə də toxunub:
"Ölkədə 20-34 yaş arasında olan 2,1 milyon gənc var ki, onların da bir hissəsi işsizdir.
İşsiz gənclərin 60 faizi təhsil, səhiyyə, sosial və məişət xidməti sahələrində
iş yeri axtarırlar". Q.İbadoğlu deyib ki, 18-36 yaş arası gənclərin 20 faizinin
mənzilə ehtiyacı var: "Onların sayı 420-450 min nəfər arasındadır. 18-36 yaşlı gənclərin
orta aylıq əməkhaqqı 200-300 manat arasındadır. Yəni onlar sosial ipotekaya
müraciət edə bilməzlər. Çünki sosial ipoteka üçün ən azı 400 manatlıq əməkhaqqı
tələb olunur".
Hüquqşünas Erkin Qədirli gənclərin fərdi inkişafında
qarşılaşdığı iqtisadi problemlərinə toxunub. O, həmçinin, dindar qadınların
hicab məsələsinə toxunub: "Rusiyada, Böyük Britaniyada bu məsələyə problem yaradılmır.
Azərbaycandakı vəziyyət qadınların ciddi problemlərlə üz-üzə qoyur".
Yazıçı Əkrəm
Əylisli isə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi ilə bağlı çağırış edib.
Professor Rafiq Əliyev çıxışında gənclərin problemlərinin
həllinin vacibliyini vurğulayıb: "Gənclik sabahla yanaşı böyük resursdur. Biz
siz gəncliyə parçalanmış vətən miras qoyuruq. Amma bu o demək deyil ki, bütün məsuliyyəti
sizin üzərinizə qoyuruq. Bizim potensialımızdan da istifadə edin".
Mehriban Vəzir deyib ki, forumda səslənən fikirlər həyəcan
təbilidir: "Gəncliklə bağlı durumdan narahatam. Amma qadınların vəziyyəti də ağırdır.
Qadınların dövlət idarəçiliyində təmsil olunmasında, mülkiyyət hüququnu gerçəkləşdirməkdə
çoxlu problemləri var. Ona görə də növbəti forumun qadınların probleminə həsr
olunmasını təklif edirəm".
Rüstəm İbrahimbəyov isə diqqəti uşaqların probleminə yönəldib.
O deyib ki, dövlət büdcəsindən uşaqların problemlərinin həlli üçün vəsait
ayrılmalıdır.
O.M.