Barak Obamanın qalstuku və pencəyi başqasınındır

Barak Obamanın qalstuku və pencəyi başqasınındır

21 Aprel 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Reuters agentliyinin verdiyi məlumata görə, Barak Obama 2012-ci il seçkilərinin təbliğat kampaniyası çərçivəsində Facebookdan geniş istifadə etmək fikrindədir. O, iqtisadi böhran nəticəsində azalan reytinqini yüksəltmək üçün şəxsən Facebook yaradıcısı 26 yaşlı Mark Sukerberqlə görüşüb. Az qala Kaliforniya qəhrəmanına çevrilmiş Mark prezidenti Silikon vadisində şəxsi iqamətgahında qəbul edib.


Mark sport geyimdə, Barak isə işgüzar libasda olub. Sonra hər ikisi üst geyimlərini çıxarıb, sosial şəbəkə istifadəçiləri ilə canlı ünsiyyətə giriblər. Obama çıxışını baməzə sözlərlə başlayıb: "Mənim adım Barak Obamadır. Mən pencək və qalstukumu Markdan alan oğlanam."


Daha sonra Obama ciddi mövzulara keçid alıb. O, ilk növbədə böhran nəticəsində ABŞ büdcəsinə 1.4 trilyon ziyan dəydiyini bildirib. Bununla belə, vəziyyətdən çıxış yolunu zənginlərin vergilərini artırmaqda gördüyünü və bu addımın effektiv olacağını qeyd edib. Prezident özünün və Markın buna hazır olduqlarını xüsusilə vurğulayıb. Facebook yaradıcısı prezidentin açıqlamasına qısaca aydınlıq gətirib: "Mən rahatam."


Obama respublikaçı rəqiblərinin sosial xərcləri azaltmaq, zənginlərin vergilərini isə artırmamaq layihəsini kəskin tənqid atəşinə tutmağı da unutmayıb. O, istehza ilə deyib: "Bu addım elə də cəsarət tələb etmir. Kasıbların çiyinləri üzərindən problemləri həll etmək o qədər də çətin iş deyil." Prezidentin bu açıqlaması sürəkli alqışlara səbəb olub.


Xatırladaq ki, son dövrün sosial sorğuları Obamanın respondentlər arasında reytinqinin rekord həddə aşağı düşdüyünü göstərir.


Reklam satışın motorudur, deyiblər. ABŞ prezidentliyinə namizədlər həmişəki kimi yenə də özlərini satırlar. Deməli, verdikləri vədləri və əqidələrini də satmış olurlar.


Natiq Qocaman


O.M.