
Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasının qarşısı alındı
Qarabağ Azadlıq Təşkilatı (QAT) və Sosial Hüquqların Monitorinqi Qrupunun üzvləri Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiya 1990-cı ilin 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunub. Aksiya iştirakçıları "Qanlı yanvarın qatilləri cəzalandırılsın !", "SSRİ-nin varisi kimi Rusiya Azərbaycandan üzr istəməlidir !", "Beynəlxalq qurumlar 20 Yanvar hadisələrini kütləvi qətliam kimi tanımalıdır !", "Rədd ol, Rusiya!", "Rusiya Qarabağ məsələsində ermənipərəst mövqeyindən əl çəksin !" və s. şüarlar səsləndirilib.
Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib. İştirakçılar
səfirliyin binasından uzaqlaşdırılıb. Aksiyanın qətnaməsinin səfirliyə təqdim
olunmasına şərait yaradılıb.
Qətnamədə 1990-cı il yanvarın 20-də SSRİ Silahlı Qüvvələrinin Bakıda və
Azərbaycanın digər rayonlarında törətdiyi qətliamla bağlı Rusiyaya etiraz
bildirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti qanlı 20 Yanvar hadisələrinə
obyektiv siyasi qiymət verməlidir. Bundan başqa, sənəddə 20 Yanvar hadisələri
insanlığa qarşı cinayət kimi dəyərləndirilib. Bildirilib ki, SSRİ-nin varisi
kimi Rusiyanın prezidenti və parlamenti bu hadisələrə görə, Azərbaycan
xalqından rəsmi şəkildə üzr istəməlidir. Hadisənin təşkilatçıları Qorbaçov,
Yazov, Primakov, Bakatin və digərləri beynəlxalq məhkəməyə verilməli, törədilən
qətliam barədə beynəlxalq təşkilatlara müraciət olunmalıdır.
O.M.