“Suriya xalqını Əsədin insafına buraxa bilmərik”

“Suriya xalqını Əsədin insafına buraxa bilmərik”

11 Sentyabr 2018 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün acınacaqlı vəziyyətlə qarşı-qarşıyayıq. Suriyada Əsəd rejimi müttəfiqlərinin köməyi ilə 3 milyon insana ev sahibliyi edən və doğma yerlərindən didərgin düşmüş suriyalılar üçün son etibarlı limanlardan biri olan İdlibə böyük bir hücuma hazırlaşır".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib mövzusunda "The Wall Street Journal" (WSJ) qəzetinə yazdığı məqalədə bildirib. Prezident qeyd edib ki, İdlib hücumu yaxınlaşarkən beynəlxalq təşkilatların bütün üzvləri məsuliyyətli olmalıdır: "Lazım olan addımların atılmaması çox ağır nəticələrə gətirib çıxaracaq. Suriya xalqını Bəşər Əsədin insafına buraxa bilmərik. Rejimin İdlibə hücumunun məqsədi həqiqətən terrorla mübarizə etmək deyil, müxalifləri aradan götürmək olacaq. Bu rejimin hücumu eyni zamanda Türkiyə və Avropa üçün ciddi insani və təhlükəsizlik risklərini meydana gətirəcək".

Ərdoğan vurğulayıb ki, yaşanacaq qətliamın qarşısını almaq məsuliyyəti yalnız Qərbə aid deyil: "Rusiya və İran da insanlıq fəlakətinin baş verməməsi üçün lazım olan öhdəlikləri qəbul etməlidirlər".

Prezident qeyd edib ki, İdlib körpüdən əvvəlki son çıxışdır: "Əgər Avropa və ABŞ daxil olmaqla beynəlxalq cəmiyyət bu gün lazım olan addımları atmazsa, bunun əvəzini yalnız suriyalı günahsız insanlar deyil, bütün dünya ödəyəcək. Türkiyə, qonşusunda yaşanan qətliamın qarşısının alınması üçün əlindən gələn hər şeyi edib. Müvəffəqiyyətli olmağımız üçün dünyanın digər ölkələri kiçik mənfəətlərini bir kənara buraxıb, siyasi həll üsuluna dəstək verməlidir".