“Milli zəmində baş vermiş hadisə Almaniyanın imicinə xələl gətirir”

“Milli zəmində baş vermiş hadisə Almaniyanın imicinə xələl gətirir”

3 Sentyabr 2018 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Rostok şəhərində üç azərbaycanlı tələbənin hücuma məruz qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.

Azadinform xəbər verir ki, müraciəti Bakı Nürnberq Təhsil və Mədəniyyət Mərkəzinin sədri doktor Yaşar Musayev edib. Baş vermiş insidentə münasibət bildirən Y. Musayevin müraciətində bildirilir: "Almaniya tolerant ölkədir və burada çoxsaylı millətlər yaşayır. Bu milli zəmində baş vermiş hadisə Almaniya-Azərbaycan münasibətlərinə, ümumiyyətlə, Almaniyanın imicinə xələl gətirir".

Qeyd edək ki, Y. Musayev həmçinin azərbaycanlı tələbələrlə əlaqə saxlayıb. O, eyni zamanda tələbələrə hücum edən şəxslərin hüquq mühafizə orqanlarında ciddi şəkildə cəza çəkmələri üçün vəkil də təklif edib.

Xatırladaq ki, hadisə sentyabrın 1-də baş verib. Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi – ər və arvad yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.