B.Əsəd Baş nazir postuna üsyançılardan birini gətirəcək
Suriya prezidenti Bəşər Əsəd bu gün yerli televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, ölkədə mart ayında referendum keçiriləcək. Referendumun nəticələri müsbət olarsa, Suriya prezidentinin səlahiyyətləri xeyli məhdudlaşdırılaraq, Baş nazirə veriləcək. Prezident bu vəzifəyə məhz kimin gətiriləcəyini bildirməsə də, onun üsyançıların nümayəndəsi olduğunu bildirib. Səudiyyə Ərəbistanının "Əl Ərəbiyə" kanalının məlumatına görə, konstitusiyada dəyişiklik etmək haqda təklif Rusiya və Çindən gəlib, ABŞ və Ərəb ölkələrinin dəstəyini alıb.
Bununla belə, xəbər verdiyimiz kimi, Bəşər Əsəd vəzifəsindən getməyəcəyini də
vurğulayıb. Belə ki, Suriya xalqının hələ də onu sevdiyini hiss elədiyini qeyd
edib. Prezident həmçinin bildirib ki, Qərbin Suriyaya qarşı xəyanət planının təfərrüatlarından
xəbərdardır.
Xatırladaq ki, Suriya Konstitusiya Komitəsinin araşdırmalarının nəticələri elan
olunduqdan sonra, mart ayının əvvəllərində ölkədə ümumxalq referendumu keçiriləcək.
Hələlik isə döyüşlər davam edir. BMT-nin ilkin hesablamalarına görə, ötən ilin
mart ayında başlayan etiraz mitinqlərindən bu günə kimi Suriyada 5000 nəfərə qədər
insan qətlə yetirilib.
O.M.