VİDEO-Qazaxıstanlı diplomat UNESKO-dan qovuldu

VİDEO-Qazaxıstanlı diplomat UNESKO-dan qovuldu

29 Dekabr 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Həkimlər səhvən ona xərçəng diaqnozu qoyduqda, diplomat depressiyaya düşüb təyyarəni qaçırmağa çalışdı

Bu ilin aprel ayında Fransadan İtaliyaya səfər edən təyyarəni Liviyaya qaçırmaq istəyən Qazaxıstanın UNESKO-dakı daimi nümayəndəsinin məsləhətçisi Valeriy Tolmaçov UNESKO-dakı vəzifəsindən azad edilib. İnterfax xəbər agentliyinin məlumatına görə, bunu Qazaxıstan XİN-nin rəsmisi Altay Həbibullayev bugünkü brifinqində deyib. Bir qədər əvvəl məlumat verilirdi ki, dekabr ayının ortalarında məhkəmə tibbi ekspertizasının qərarı ilə Valeriy Tolmaçov psixi anomaliya diaqnozu ilə cinayət məsuliyyətindən yaxa qurtara bilib. Belə ki, müəyyən edilib ki, hadisə zamanı V.Tolmaçov depressiya vəziyyətində olub. O, hadisəyə qədər mədə xərçəngi xəstəliyinə tutulduğunu öyrəndiyi üçün depressiya vəziyyətinə düşüb və cinayəti həmin vəziyyətdə törədib. Bu səbəbdən onu Neapolda yerləşən penitensiar xidmətin xəstəxanasından Romadakı vətəndaş xəstəxanasına keçiriblər. Qazaxıstan tərəfi V.Tolmaçovun müalicəsini öz ölkəsində davam etdirmək niyyətindədir.

Xatırladaq ki, cari ilin aprel ayında Valeriy Tolmaçov İtaliyanın "Alitalia" şirkətinin sərnişin təyyarəsini Liviyaya qaçırmaq istəyib. Bu zaman stüardessanın boğazına bıçaq dirəyib. Lakin təyyarədəki 131 sərnişin və ekipaj heyətinin birgə səyi nəticəsində onu tərksilah ediblər, həkim ona sakitləşdirici iynə vurduqdan sonra V.Tolmaçov polisə təhvil verilib.

Tibbi ekspertiza onu da müəyyən edib ki, hadisəyə qədər həkimlər ona səhv diaqnoz qoyublar. Belə ki, Valeriy Tolmaçovda mədə xərçəngi olmayıb, sadəcə, kəskin ağrılara səbəb mədə xorası olub. Məlumatda o da bildirilir ki, 48 yaşlı diplomat buna qədər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şəxsi tərcüməsi olub. Hətta prezidentin Corc Buşla əlaqələrini də o yaradıb. Ümumiyyətlə, o, heç vaxt qanunları pozmayıb, spirtli içki və narkotik istifadəçisi olmayıb. Yalnız həmin gün yüksək miqdarda alkoqol qəbul edərək hadisəni törədib.

Əslində, insan taleyi ilə oynayan savadsız həkimləri cinayət məsuliyyətinə cəlb etmək düzgün olardı...

Murad Şahməmmədov

O.M.