Rusiya Bəşər Əsədə siyasi sığınacaq təklif etdi

Rusiya Bəşər Əsədə siyasi sığınacaq təklif etdi

25 Dekabr 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)
Suriyanın müvəqqəti rəhbəri Fərrux əş Şarə seçilə bilər

Rusiya rəhbərliyi Suriyanın vitse-prezidenti Fərrux əş Şarəyə prezident Bəşər Əsədin yerinə keçməyi təklif edib. Təklifdə bildirilir ki, keçid dövründə, ümummilli seçkilərə qədər Fərrux əş Şarə ölkəni idarə edə bilər. Bəşər Əsədə isə ölkəni tərk edərək Rusiyadan siyasi sığınacaq almaq təklif olunub. Bu məlumatı 25 dekabr günü Suriyanın "Maarif" qəzetinə istinadən MİGnews.com saytı yayıb. "Maarif" qəzeti xəbəri adının açıqlanmasını istəməyən iki rəsmi mənbəyə istinadən yayıb. Xatırladaq ki, Fərrux əş Şarə 16 dekabr günü xəlvəti surətdə Moskvaya gəlib və Rusiya Xarici İşlər naziri Sergey Lavrovla, eyni gündə digər rəsmilərlə görüş keçirib. Əvvəlcə rəsmi Kreml məlumatı dansa da, sonradan Suriyanın vitse-prezidentinin Rusiyada rəsmi səfərdə olduğunu etiraf edib.

"Al Arabiya" televiziya kanalının məlumatına görə, Fərrux əş Şarənin xarici səfərinin əsas məqsədi "Suriya böhranının sülh yolu ilə həllinin axtarışı" olub. Qeyd etmək lazımdır ki, Rusiya Bəşər Əsəd iqtidarının devrilməsinin tərəfdarı deyil. Belə ki, Suriya uzun illərdir ki, Rusiyanın siyasi müttəfiqi sayılır.

Yeri gəlmişkən, İran da ciddi cəhdlə Suriya rəhbərinin iqtidarda qalmağına çalışır. İran prezidenti dəfələrlə yüksək kürsülərdən bəyan edib ki, Bəşər Əsəd heç bir halda istefaya getməyəcək.

Qərb isə İslam dövlətlərinə qarşı "Səlib yürüşü"nü davam etdirir...

Sərvər Aslanov

O.M.