"Fransa vasitəçilikdən dərhal əl çəkməlidir"

"Fransa vasitəçilikdən dərhal əl çəkməlidir"

23 Dekabr 2011 19:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə-Fransa əlaqələri qədim tarixə malikdir. Lakin Fransanın bugünkü prezidenti Türkiyəyə qarşı qərəzi olan bir şəxsiyyətdir. Bu qərəz Fransa-Türkiyə əlaqələrinə çox böyük zərbə vurmaqdadır. Başqa bir təzad da ondan ibarətdir ki, Fransa bu gün Azərbaycanla Ermənistan arasındakı ixtilafı həll etmək üçün yaradılmış Minsk Qrupunun üç həmsədrindən biridir. Məlum qanun layihəsi qüvvəyə minərsə - ümid edirəm ki, belə olmaz - Fransa bu vasitəçilikdən dərhal əl çəkməlidir. Çünki bu, Fransanın tərəfsizliyini itirməsi və tərəfli olduğunu rəsmən elan etməsi deməkdir". Türkiyə mətbuatının məlumatına görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül Ankarada cümə namazından çıxarkən jurnalistlərə açıqlamasında deyib. A.Gül bildirib ki, Türkiyə hökuməti və xalqının Fransaya qarşı etirazları tam haqlıdır və bu etirazlar güclü şəkildə davam edəcək. O, Fransa parlamentindəki müzakirələr zamanı səslənən bəzi fikirlərin türk xalqına qarşı hörmətsizlik olduğunu və bu səbəblə həmin çıxışları kəskin pislədiyini söyləyib: "Belə çıxır ki, Fransanın rəsmi mövqeyinə zidd fikir söyləyən hər kəs ittiham olunacaq və cəzalandırılacaq. Bunun Fransada baş verdiyinə insan inana bilmir. Öz dəyərlərinə zidd hərəkət edirlər. Ümid edirəm ki, aşağı palatada qəbul olunan bu qanun layihəsi bundan sonrakı mərhələlərdə qəbul olunmaz".

O.M.