Suriyada beynəlxalq missiyanın rəhbəri cinayətkar imiş

Suriyada beynəlxalq missiyanın rəhbəri cinayətkar imiş

23 Dekabr 2011 15:57
Bəyəndim (0) Bəyənmədim (0)
Suriya müxalifəti bildirir ki, Muhammad Əhməd ad Dabi Beynəlxalq Haaqa məhkəməsi tərəfindən axtarışdadır

Ərəb Dövlətləri Liqasının (ƏDL) 60 nəfərdən ibarət nümayəndə heyəti Dəməşq şəhərinə gəlib. Daha 90 müşahidəçinin gəlişi gözlənilir. Rusiyanın MİGnews.com saytının məlumatına görə, nümayəndə heyətinin mandatı Suriya prezidentinin təkidi ilə dəyişdirilib. Onlar üsyançıların hüquqlarının qorunması üçün deyil, BMT Təhlükəsizlik Şurası ilə Suriya rəhbərliyi arasında əlaqələri yaratmaq üçün adıçəkilən missiyanı həyata keçirəcəklər. Onlar həmçinin narazı kütlələrin nümayəndələrini də dinləyəcəklər. Analitiklərin fikrincə, Suriya rəsmiləri nümayəndə heyətini döyüşlər gedən ərazilərə buraxmayacaqlar və onların fəaliyyətinin məhdudlaşdırmağa çalışacaqlar. Onlar həmçinin siyasi dustaqlarla görüşə bilməyəcəklər. Belə ki, həmin məhbuslar təcili surətdə hərbi həbsxanalara köçürülüblər.

Məsələnin ən problemli tərəfi isə nümayəndə heyətinin rəhbəri sudanlı general Muhammad Əhməd ad Dabi ilə bağlıdır. O, Darfurda həyata keçirilən insanlığa qarşı cinayətdə ittiham olunur. Belə ki, 1989-cu ildə Ömər əl Bəşir Sudanda çevriliş edərkən general Muhammad Əhməd ad Dabi o dövrdə hərbi kəşfiyyatın rəhbəri olub. O, həmçinin Sudanın xarici kəşfiyyat idarəsinin rəhbəri olub və Darfur, o cümlədən cənubi Sudanda insanların kütləvi şəkildə məhv edilməsində iştirak edib.

Suriya müxalifəti bildirir ki, Muhammad Əhməd ad Dabi Beynəlxalq Haaqa məhkəməsi tərəfindən axtarışdadır.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibi İran və Suriyanın təzyiqi ilə tərtib olunub.

Burada deyiblər: "quzunu qurda tapşırdılar"..

Murad Şahməmmədov

O.M.