
Bakıda olan fransalı yüksək qonaq "erməni soyqırımı" ilə bağlı qanun layihəsini bəyənmir
Bakıda səfərdə olan
Fransanın sabiq Ədliyyə naziri, Parisin 7-ci rayonunun meri, Fransa
parlamentinin və Avropa parlamentinin üzvü Rəşidə Dati Azərbaycan Milli Məclisində
mətbuat konfransı keçirib. Yüksək qonaq Fransa parlamentində müzakirəyə
çıxarılacaq "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb
olunmasını nəzərdə tutan qanun layihəsi barədə danışıb. R.Dati bildirib ki,
hazırda Fransada bununla bağlı qızğın müzakirələr gedir: "Biz də bilirik ki,
türk dostlarımız parlamentdə müzakirəyə çıxarılacaq bu qanun layihəsindən çox
narahatdırlar. Əslində, belə bir qanun layihəsinin müzakirəyə çıxarılması məni
də narahat edir. Tarix ilə, yaddaş ilə bağlı hansısa bir məsələni qəbul etməyən
hansısa insana qarşı cəza tədbirlərinin görülməsi narahatlıq yaradır. Mən bunun
tərəfdarı deyiləm. İstər ermənilərə münasibətdə olsun, istərsə də digər
xalqlara və dövlətlərə". Rəşidə Datinin sözlərinə görə, qanun layihəsi ilə
bağlı gərgin müzakirələr xüsusən prezident Nikola Sarkozini dəstəkləyən
partiyalardan olan deputatlar və senatorlar arasında gedəcək: "Bunun nəinki
Fransada, o cümlədən beynəlxalq aləmdə doğuracağı əks-səda məni narahat edir.
Hesab edirəm ki, bütün məsələlər ətrafında müzakirələr insanların cəzalandırılması
deyil, onlar arasında yaxınlaşmaya xidmət etməlidir". Konkret olaraq özünün
"erməni soyqırımı"nı tanıyıb-tanımamağı ilə bağlı sualı R.Dati belə
cavablandırıb: "Mən tarixçi deyiləm, bu suala tarixçilər cavab verməlidir. Ona
görə də bununla bağlı heç bir şərh verə bilmərəm. Əslində, bütün dünya ölkələri
kimi Fransa da öz tarixinin acı səhifələrinə malikdir. Bu baxımdan onu demək
istəyirəm ki, Fransa bir çox qanlı müharibələrdən keçib. Fransa onların bəzilərini
tanıyıb və qəbul edib".
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən R.Dati bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır: "İstənilən halda mən Azərbaycanın bu məsələdə tutduğu mövqeni dəstəkləyirəm".
Xatırladaq ki, Bakıda səfərdə olan yüksək qonağı bu gün Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri Mehriban Əliyeva qəbul etmişlər.
O.M.