ABŞ Türkiyə əleyhinə, Ermənistan lehinə qərar çıxardı

ABŞ Türkiyə əleyhinə, Ermənistan lehinə qərar çıxardı

21 Dekabr 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər Konqresin qətnaməsini "Qərbi Ermənistan"ın Türkiyədən alınıb onlara verilməsinə doğru ilk addım adlandırdılar

Ermənistanın Tert.am saytının məlumatına görə, ABŞ Konqresi Türkiyə əleyhinə, Ermənistan lehinə qərar qəbul edib. ABŞ-ın "Kaliforniyalı kuryer" qəzetinin redaktoru Arut Sasunyana istinad edən Tert.am saytı bildirib ki, hətta güclü Türkiyə dövləti, onun lobbisi qərarın qəbul edilməsinə qarşı çıxa bilməyib: "ABŞ Konqresinin Nümayəndələr Palatası ötən həftə tarixi bir qətnaməni qəbul edib. Həmin sənəd Türkiyədən işğal etdiyi 2000 kilsəni və başqa mülkiyyətləri layiqli sahiblərinə qaytarmağı tələb edir. Beləliklə, Türkiyə böyük bir məğlubiyyətə uğradı. Belə ki, qətnamə 435 lehinə və 1 əleyhinə səslə qəbul olunmuşdu. Hərçənd sənəd Senata təqdim olunmayıb və prezident tərəfindən imzalanmayıb, bunu tarixi ədalətin bərpasında mühüm addım və qələbə adlandırmaq olar. On illərdir mülkiyyətləri işğal olunan və əlindən alınan ermənilər yavaş-yavaş özlərinə aid olanları tələb etməyə, dünya ictimaiyyəti isə bu haqlı tələbi eşitməyə başlayıb. Bu, həm də assuriyalı və yunan xristianlarına da aiddir. Qətnamə digər dünya dövlətləri üçün də nümunə ola bilər ki, Türkiyədən ermənilərə aid olan bütün növ mülkiyyətlərin geri qaytarılmasını və təzminat ödənilməsini tələb etsinlər."

Qərardan ilhamlanan qəzet daha sonra yazır: "İndən belə soyqırımın tanınması yolunda erməni diaspor təşkilatları səyini daha da artıracaq. Amma təəssüf ki, indiki Ermənistanda bu məsələ bir çoxlarını maraqlandırmamağa başlayıb. Elə bil itirilmiş dini abidələr və torpaqlar onların deyil".

Xatırladaq ki, Ermənilərin tələb etdikləri uydurma "soyqırım" sənədi 3 bənddən ibarətdir:

1. Türkiyənin "soyqırım" məsələsini tanıması və ermənilərdən rəsmən üzr istəməsi.

2. Türkiyənin qərbindəki ərazilərin qeyri-şərtsiz Ermənistana verilməsi.

3. Soyqırımdan əziyyət çəkənlərin ailələrinə 200 milyard dollar təzminat ödənilməsi.

Belə getsə, həqiqətən də ermənilər soyqırıma məruz qalmalı olacaqlar...

Fuad Borçalı

O.M.