
“Gələcəkdə ölkəmizin F-35-lərlə bağlı Türkiyə ilə əməkdaşlığı istisna edilmir”
Nəhayət ki, uzun sürən müzakirələrdən sonra F-35 qırıcılarını Türkiyəyə satmağa qərar verən ABŞ bu qəbildən olan iki təyyarəni türk nümayəndə heyətinə təhvil verib. Hansı ki, gələcəkdə 100-ə qədər bu cür qırıcının Türkiyəyə çatdırılması nəzərdə tutulur.
Öz müdafiə və təhlükəsizliyini ən müasir hərbi texnologiyalar, eləcə də F-35 təyyarələri ilə artıran Türkiyənin hərbi gücündən gələcəkdə ölkəmizin də hansısa formada yararlanması mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq əlaqələrinin durmadan dərinləşməsinə diqqət çəkdi:
"Ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi məsələsində təkcə Qarabağın işğaldan azad edilməsi nəzərdə tutulmur. Ordu bütövlükdə ölkənin ərazi bütövlüyünü, onun təhlükəsizliyini təmin etmək, xarici müdaxilələrinqarşısını almaq üçün gücləndirilir.
Torpaqlarımızın bir hissəsi işğal altındadır. Bu torpaqların işğaldan azad edilməsi üçün diqqətdə saxlanılan variantlardan biri də hərbdir. Bu səbəbdən də Azərbaycan daim ordumuzun döyüş hazırlığının, təchizatının gücləndirilməsini diqqətdə saxlayır.
Azərbaycanın Türkiyə ilə hərbi sahədə həmkarlığına gəlincə, iki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşmalar var. Bu razılaşmalara əsasən Azərbaycan Türkliyə ilə bu sahədə bir sıra addımlar atmaqdadır. F-35 qırıcıları ən müasir hərbi təyyarələr hesab edilir. Gələcəkdə ölkəmizin də bu sahədə Türkiyə ilə əməkdaşlığı istisna edilmir. Çünki F-35-lərin hazırlanması proqramında türkiyəli mütəxəssislər də iştirak edir. Türkiyə artıq F-16-ları özü istehsal edir. Perspektiv etibari ilə, Türkiyənin gələcəkdə F-35 istehsal etməsi də mümkündür. Bu, ölkənin hərbi sənayesinin, elminin inkişaf səviyyəsindən asılıdır".