
Dmitri Medvedev Rusiyanın siyasi modelini dəyişəcək
"Rusiya hakimiyyəti bilməlidir ki, Rusiyanın siyasi modeli köhnəlib, onu mütləq dəyişmək lazımdır", - deyə fikir bildirən Dmitri Medvedev tarixi yeniliyin vaxtının yetişdiyini bəyan edib. İnterfax xəbər agentliyinin məlumatına görə, bu gün Rusiya prezidenti hakim "Vahid Rusiya" partiyasının fəalları qarşısında çıxış edərkən ölkədə köklü dəyişiklərin vacib olduğunu vurğulayıb: "Yeni siyasi mərhələ artıq başlayıb. Buna səbəb etiraz mitinqləri olmayıb, sadəcə, ölkəyə canla-başla, ləyaqətlə xidmət etmiş köhnə siyasi model öz dövrünü bitirib." Prezident həmçinin bildirib ki, hakim partiya olaraq "Единая Россия (Vahid Rusiya)" bunu ilk növbədə deməlidir: "Yalnız ölkədəki siyasi model dəyişildiyi halda Rusiyanın dinamik inkişafı mümkün olacaq".
Analitiklərin fikrincə, V.Putinin sağ əli olan D.Medvedev bu fikri özbaşına səsləndirə bilməzdi. Deməli, yaxın zamanda ölkə rəhbərliyində ciddi kadr dəyişikliklərini gözləmək olar.
Köhnə sistemin vaxtı keçibsə, deməli, onun seçdiyi rəhbərlərin də vaxtına az qalıb...
Sərvər Aslanov
O.M.