Azərbaycan  NATO üçün vacib tərəfdaşdır

Azərbaycan NATO üçün vacib tərəfdaşdır

23 May 2018 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

Mediainfo.az saytının MN Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Alyansın müxtəlif proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında daim iştirak edirlər.
Qonaqlar da öz növbəsində Azərbaycanın NATO üçün vacib tərəfdaş olduğunu qeyd edərək Alyansın qərargahlarında xidmət keçən, müxtəlif proqramlarında iştirak edən Azərbaycan zabitlərinin bilik və bacarığını yüksək qiymətləndiriblər.
Ordumuzun şəxsi heyətinin yüksək peşəkarlığından və hazırlığından məmnun qaldıqlarını bildirən qonaqlar xüsusi qeyd ediblər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə öz bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə üzrə səhra təlimini izləmək üçün ölkəmizdə olan qonaqlar əvvəlki illərdə olduğu kimi bu dəfə də təlimin uğurla başa çatacağına əminliklərini bildiriblər.