Türkiyədə çevriliş cəhdi: general MKİ-dən dəstək istəyib
Müstəqil Türkiyə qurmaq məqsədilə çevriliş etmək istəyən general ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) dəstək istəyib.
Bu iddia MKİ-nin razılığı ilə çap olunan "Ruzi Nazar: MKİ-nin türk casusu" adlı kitabında yer alıb.
Qeyd olunur ki, ideoloji baxımdan solçu olduğu ehtimal olunan keçmiş hərbçi MKİ-nin Türkiyədəki rezidentindən dəstək istəyib, lakin millətcə türk olan MKİ rezidenti onun bu istəyini rədd edib.
Kitabda qeyd olunan məqamlardan biri də general Madanoğlu ilə bağlı xatirədir. General 1971-ci ilin martın 9-da ortaya çıxan uğursuz çevrilişi planlayan şəxs olub. "Tam müstəqil Türkiyə naminə" devizi altında birləşən Madanoğlu və xuntası (Milli Demokratik İnqilab)Türkiyədə yeni rejim qurmağı planlayıb. Bunu dəstəkləyənlər sırasında "İnqilab" nəşrinin sahib Doğan Ovçuoğlu da olub. Şəbəkə əsasən, tələbələr və ordu daxilində təşkilatlanmışdı.
Məşhur MKİ zabiti Ruzi Nazarın bioqrafiyasında da ilginc bir informasiya mövcuddur.
Türkiyə siyasi tarixinə Madanoğlu xuntası adı ilə keçən bu hərəkatın lideri Camal Madanoğlu MKİ-nin Türkiyə ofisinin rəhbəri Ruzi Nazarın yanına gedərək, tam müstəqil Türkiyə qurmaq məqsədilə gedilən yolda MKİ-nin dəstəyini istəyib.
Ənvər Atalayın Ruzi Nazar haqqında yazdığı kitabda da bu görüşə yer verilib:
"1971-ci ilin 12 mart tarixindən bir qədər əvvəl Ruzi Nazarın Bağçalılar 3 küçəsində yerləşən evinin qapısı döyülüb. Qapını açan MKİ rəhbəri qarşısında Camal Madanoğlunu görüb. Dəvətsiz gələn təqaüdçü generalı Ruzi Nazar otağa dəvət edib. Ruzi Nazar generalın içkiyə aludə olduğunu bildiyindən ona viski təklif edib və beləliklə, dialoqa başlanılıb. Madanoğlu Ruzi Nazara Türkiyədə bir hökumət çevrilişi həyata keçirəcəklərini, bu məqsədlə ordu daxilində lazım olan işlərin həyata keçirildiyini, amerikalılarla birlikdə fəaliyyət göstərmək istədiklərini bildirib. Əlavə edib ki, Ankarada olan iki ABŞ generalının onlara dəstək verməsi iki ölkənin maraqlarına uyğundur. Ruzi Nazar isə qiyamçı generala "Paşam səhv qapı döymüsünüz. Amerikalılar belə bir çevrilişin nə içində, nə də kənarında rol almaz" deyib".
Kəşfiyyatçı daha sonra general Madanoğlunun ona dediklərini və onun cavabını MKİ-nin Vaşinqton ofisinə açıqlayıb.
Yeri gəlmişkən, Nazarın özü Vaşinqtonda Doğan Xəbər Agentliyinin nümayəndəsi Salih Zəkiyə verdiyi müsahibə zamanı da bu məqamla bağlı danışıb:
"Bir gecə evimin qapısı döyüldü. Gördüm ki, qapıda general Madanoğlu durub. Onu evə dəvət etdim, viski verdim. Madanoğlu ordu daxilində onu dəstəkləyən zabitlərin olduğunu və birgə çevriliş həyata keçirmək istədiklərini bildirdi, ABŞ-ın dəstəyini istədi. Madanoğluna dedim ki, səhv qapını döymüsünüz, ABŞ Türkiyənin dostudur, biz belə işə qarışmarıq. Bir az söhbət etdikdən sonra Madanoğlu mənzilimi tərk etdi. Ancaq sonradan eşitdim ki, çevriliş etməkdə günahkar hesab olunaraq, məhkəməyə çıxarılan Madanoğlu bildirib ki, onu buna mən təhrik etmişəm". Teleqraf.com