
Onlar Rusiyadakı seçkilərə etirazlarını bu cür bildirdilər
Ukraynanın "FEMEN" hərəkatının üzvləri Rusiya seçkilərindəki ədalətsizliyə qarşı qəribə etiraz aksiyası ilə çıxış etdilər. Onlar Rusiya paytaxtına gələrək, bu gün "Xilaskar Məsih" məbədi önündə rusiyalı vətəndaşların nicatı üçün Tanrıya dua etməyə başladılar. Əlbəttə ki, özləri bildiyi kimi.
Rusiyanın NEWSru.com saytının məlumatına görə, qızlar əvvəlcə əllərində şüar sakit tərzdə Rusiyanın mərkəzi məbədinə yaxınlaşdılar. Sonra gözlənilmədən sıfır dərəcə temperaturda gödəkcələrini, şərflərini, koftalarını, daha sonra isə alt paltarlarının üst hissəsini soyundular. Qızların başlarında Ukraynanın milli rəngarəng çələngləri, qurşaqdan aşağı isə Rusiya bayrağını xatırladan parça yapışdırılmış və qalın iplə bağlanmış kisələr görünürdü. Əllərində rus və ingilis dillərində "Боже, царя гони (Ya Rəbb, şahı qov)" şüarı yazılmış plakat var idi. Qızların bədənlərində qara boya ilə pravoslav xaçları çəkilmişdi. Qızların birinin əlində tutduğu rəmzi qamçı rus xalqının istismar altında olunduğunu simvolizə edirdi. Hələ bu azmış kimi onlar həm də himn oxuyurdular.
Bu müdhiş mənzərəyə dözməyən məbədin mühafizəçiləri onları sakitləşdirməyə və əyinlərini örtməyə çalışdılar. Qızlar müqavimət göstərərək yenidən soyundular və etiraz aksiyalarını davam etdirdilər. Lakin təxminən 40 dəqiqədən sonra polisin hadisə yerinə gəldiyini görüb, dərhal geyinərək aradan çıxmağa başladılar.
Xatırladaq ki, 3 il əvvəl Ukraynada qeydiyyata alınan "FEMEN" hərəkatının artıq 15 minə qədər üzvü və təəssübkeşi var. Onlar siyasi və ictimai hadisələrə fərqli yanaşma tərzi nümayiş etdirməklə cəmiyyətin etiraz səsini ucaltdıqlarını bildirirlər.
Budəfəki etiraz aksiyası isə 04 dekabr Rusiya parlamentinə keçirilən seçkilərin çoxsaylı narazılıqlarla qarşılanmasına həmrəylik xarakteri daşıyırdı.
Belə baxanda elə ilk insanlar da çılpaq idilər, amma sarışın və cazibədar deyildilər...
Sərvər Aslanov
O.M.