“Heydər Əliyevin yalnız doğum tarixi var, ölüm tarixi yoxdur”

“Heydər Əliyevin yalnız doğum tarixi var, ölüm tarixi yoxdur”

7 May 2018 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu gün Azərbaycan nəyə nail olubsa, bunu Heydər Əliyevə borcludur: "Heydər Əliyev azərbaycanlıları bir ideya ətrafında – azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Ulu öndər ikinci dəfə hakimiyyətə gəlməmişdən öncə ölkədə vəziyyət pis idi, vətəndaş müharibəsi baş verə bilərdi. Ulu öndər bu cür hadisənin yaşanmasına imkan vermədi. Onun hakimiyyəti dövründə İpək yolu yenidən bərpa edildi, iqtisadiyyatın bir çox sahələrində aparılan islahatlar Azərbaycanı hüquqi dövlət səviyyəsinə qaldırdı, "Əsrin müqaviləsi" imzalandı. Mətbuatın senzuradan azad edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin heç bir qurumu mətbuat üzərində söz haqqına sahib olmadı. Bu, media azadlığının vacib şərti idi. Bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edib. Bu inkişafın əsasında Ulu öndərin mediaya diqqət və qayğısı dayanır".

Daha sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev xatırladıb ki, istər 1969-cu ildə, istərsə də xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gələrkən, Ulu öndər yalnız xalq üçün çalışıb, böyük işlər görüb: "Ona görə də Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Müstəqilliyin ilk illərində ölkədə yaşanan çətinliklər hamıya məlumdur. Az qala, ölkənin adı tarixdən silinəcəkdi. Heydər Əliyev müstəqilliyin qorunub saxlanmasında əvəzsiz rola malikdir. 1995-ci ildə yeni Konstitusiya qəbul olundu. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra mətbuata müstəqillik verildi. Ulu öndər mediaya xüsusi qayğı göstərirdi. Təsadüfi deyil ki, Azərbaycanda mediaya ümumilikdə 60 milyon manat ayrılıb. Əsası Ulu öndər tərəfindən qoyulan uğurlu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırır, onları mənzillərlə təmin edir. Jurnalistlər də öz növbələrində prezidentin qayğısını yüksək qiymətləndirir, onu "Jurnalistlərin dostu" seçirlər".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu öndər hakimiyyətə qayıtmasaydı, həyatımızın heç bir sahəsində bu qədər uğur qazana bilməzdik: "Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün qüdrətli Azərbaycan dövlətindən söhbət gedə bilməzdi. O, daim Azərbaycanın inkişafı üçün çalışıb. Mən xalqın Heydər Əliyevə hakimiyyətə qayıtması ilə bağlı necə müraciət etdiklərinin şahidi olmuşam. Ulu öndər senzuranı ləğv edəndə düşünürdüm ki, görəsən necə nəticə verəcək. Amma sonrakı proseslər Heydər Əliyevin necə uzaqgörən siyasət yürütdüyünü bir daha göstərdi. Mən hər zaman deyirəm – Heydər Əliyevin yalnız doğum tarixi var, ölüm tarixi yoxdur".

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda ölkəmizdə təlatümlü dövr idi, insanların sabaha olan inamı itmişdi: "Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. O, hakimiyyətə gələndən sonra baş redaktorlarla görüşüb mətbuatın problemləri ilə maraqlandı. Ulu öndərin çəkdiyi zəhmətlər nəticəsində bugünkü uğurlara nail olmuşuq".

Millət vəkili Aqil Abbas isə hər bir xalqa çətin dövründə bir xilaskarın göndərildiyini qeyd edib: "Onun adına peyğəmbər, elçi, Atatürk deyilə bilərlər. Hesab edirəm ki, Heydər Əliyev 90-cı illərdə Allahın bizə göndərdiyi elçidir".

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, müstəqil Azərbaycan deyəndə Heydər Əliyevi düşünürük: "Onun jurnalistlərə xüsusi münasibəti var idi. Çünki jurnalistika intellektual institutlardan biridir. Heydər Əliyev Azərbaycan mətbuatı haqqında yüksək fikirdə idi. Jurnalistikanın çətin və şərəfli peşə olduğunu bilirdi. Ulu öndər anlayırdı ki, fikir istehsalı üçün media azadlığı lazımdır. Fikir istehsal olunmayan cəmiyyət qısırdır. Bu gün də Prezident İlham Əliyev Ulu öndərin uğurlu siyasətini davam etdirir. Biz onu hörmətlə anır, ruhu qarşısında baş əyirik".

Konfransda "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev, "Teleqraf" Holdinqin rəhbəri Aynur Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev çıxış etdilər.