Müsavat Partiyasında narazılıq baş qaldırdı

Müsavat Partiyasında narazılıq baş qaldırdı

9 Dekabr 2011 18:52
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyası Ağcabədi rayon təşkilatının (RT) bir qrup üzvü bu təşkilatın dekabrın 10-na planlaşdırılan konfransının təxirə salınmasını istəyir. Bu barədə APA-ya açıqlamasında partiyanın Ağcabədi rayon təşkilatının üzvü Tofiq Cəfərov məlumat verib. T.Cəfərov deyib ki, dekabrın 10-na təyin olunmuş konfransda Müsavat Partiyası Ağcabədi RT-nin sədri Rəşid Nəcəfovun partiya üzvü olmayan qohumları iştirak edəcəklər: "Buna görə də biz Rayon Təşkilatının konfransında iştirak etməkdən imtina edirik. 10 dekabr 2011-ci il tarixdə keçiriləcək Müsavat Partiyası Ağcabədi Rayon Təşkilatının hər hansı qərarını legitim saymırıq, konfransın başqa vaxta keçirilməsini tələb edirik. Əks təqdirdə, Müsavat Partiyasından istefa verəcəyimizi bəyan edirik".

T.Cəfərov Müsavat Partiyası Ağcabədi RT-nin üzvü olan şəxslərin bununla bağlı müraciət imzaladıqlarını da bildirib. Müraciəti Müsavat Partiyası Ağcabədi RT-nin üzvləri Tariyel Mirzəyev, Tofiq Cəfərov, Aydın Quliyev, Rövşən Məmmədov, Murad Məmmədov və digərləri (ümumilikdə 15 nəfər) imzalayıblar.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı açıqlamasında deyib ki, həqiqətən də partiyanın Ağcabədi rayon təşkilatının ümumi yığıncağının keçirilməsi barədə qərar var: "Həmin ümumi yığıncağa partiya üzvlərinin hamısı, eləcə də bu toplantının əleyhinə imza verən şəxslər dəvətlidir. O toplantıda hər hansı Nizamnamə pozuntusu olacağını əvvəlcədən iddia edənlərə üzümü tuturam ki, dekabrın 10-da ümumi yığıncaqda iştirak etsinlər. Əgər bu yığıncaqda hər hansı saxtakarlıq, hər hansı Nizamnamə pozuntusu olarsa, ondan sonra fikirlərini bildirsinlər. Yoxsa, baş tutmayan yığıncaq haqqında qabaqcadan fikir söyləmək düzgün deyil".
G.Aslanlı partiyanın Ağcabədi RT-nin sədri Rəşid Nəcəfovun fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıb: "Məncə bu söylənənlər rayon təşkilatının sabahkı yığıncağını ləkələmək üçün qabaqcadan düşünülüb. Narazı şəxslər dekabrın 10-da keçiriləcək yığıncaqda iştirak etsələr, mənzərə daha aydın olacaq. Çünki orada partiyanın Bakıdan gedən nümayəndəsi də iştirak edəcək. Kimin narazılığı olsa, orada bildirə bilər".

O.M.