
B.Obamanın vəzifəsini satan qubernatora hökm oxundu
ABŞ-ın İllinoys ştatının sabiq qubernatoru Rod Blaqoyeviç rüşvətxorluq və korrupsiya maddələri ilə 14 il həbs cəzasına və 20000 min dollar cəriməyə məhkum olunub. Reuters xəbər agentliyini məlumatına görə, dünən məhkəmə öz yekun qərarını verib. Sabiq siyasətçi 2008-ci ildə həbsə alınmışdı. FBİ agentlərinin araşdırmaları zamanı məlum olub ki, Rod Blaqoyeviç həqiqətən də Barak Obamanın senatdakı yerini satmaq istəyibmiş. Belə ki, Barak Obama prezident seçildikdən sonra İllinoys ştatının sabiq qubernatoru senatdakı boş qalmış yeri hərraca çıxartmışdı. Rod Blaqoyeviç telefon danışıqlarında dəfələrlə açıq-aydın bildirib ki, o, yeni senatoru şəxsən seçdirəcək və həmin şəxs daha çox onu maddi cəhətdən qane edən adam olacaq. Bundan başqa daha 20 epizod üzrə qubernatorun rüşvət aldığı müəyyən edilib. Bu yolla Rod Blaqoyeviç 1,5 milyon dollara sahib olub. Sabiq qubernatorun cinayəti bununla bitmir. İstintaqa o da məlum olub ki, 54 yaşlı ştat rəhbəri xeyriyyə fondlarının xəstəxanalara yardımlarından rüşvət alırmış.
Müttəhim 20 maddədən yalnız 18-ni qəbul edərək son sözündə əməlindən peşman olduğunu etiraf edib: "Həyatım məhv oldu. Siyasi karyerama son qoyuldu. Ailəmin dolanışıq yeri yoxdur. Mənimsə özümdən başqa günahkar biləcəyim adam yoxdur. Son dərəcə bağışlanmaz səhvə yol verdiyim üçün biabır olmuşam".
Xatırladaq ki, Rod Blaqoyeviç iki dəfə İllinoys ştatının qubernatoru seçilib - 2002 və 2006-cı illərdə. Korrupsiya qalmaqalından sonra o, istefa verməkdən imtina etsə də, impiçment yolu ilə vəzifədən uzaqlaşdırılıb.
Belə çıxır ki, demokratiyanın beşiyi sayılan ABŞ həm də korrupsiyanın beşiyidir...
Murad Şahməmmədov
O.M.