Vladimir Putin ABŞ rəhbərliyinə ultimatum göndərdi
Rusiyanın Baş naziri Vladimir Putin Qərb ölkələrinə, əsasən də ABŞ-a hədə-qorxu gəldi. O, Rusiya Federasiyasında Qırğızıstan ssenarisinin baş tutmayacağını bildirdi. Ümumrusiya xalq cəbhəsi koordinasiya şurasının növbəti iclasında V.Putin sərt danışdı. O, Qərb dövlətlərini Rusiya müxalifətini qızışdırmaqda və maliyyələşdirməkdə qınadı. "Heç kim xaos istəmir", - deməklə baş nazir Rusiya vətəndaşlarının ona dəstək verdiklərini bildirməyə çalışdı və əlavə etdi ki, iqtidar müxalifətlə dialoqa hazırdır.
ABŞ-ın reaksiyasından narazı qalan V.Putin həmçinin Hillari Klintonun sərt bəyanatını tənqid etdi:
- Mən amerikalı həmkarlarımızın ilk reaksiyasına baxdım. Dövlət katibi ilk olaraq seçkilərin haqsız və ədalətsiz olduğunu vurğuladı. Hərçənd hələ DTİHB müşahidəçilərinin rəyini öyrənməmişdi. O, yüksək tonu ilə ölkə daxilindəki bəzi qüvvələrə siqnal vermiş oldu. Onlar da bu siqnalı eşidib ABŞ Dövlət Departamentinin köməyi ilə fəal işə başladılar.
Baş nazir ABŞ-ı ikiüzlü adlandıraraq, həmin ölkədə keçirilən seçkilər zamanı müşahidəçilərin kənarda qaldığını xatırlatdı və açıq-aydın hədə-qorxu gəldi:
- Biz möhtəşəm nüvə dövlətiyik və belə də qalacağıq.
Daha sonra Rusiya prezidentliyinə real namizəd olan V.Putin ölkə müxalifətinə səsləndi:
- Kimsə qanunları pozarsa, ölkə rəhbərliyi, hüquq mühafizə orqanları onlardan qanunlara əməl etməyi tələb edəcəklər.
Xatırladaq ki, Rusiya parlamentinə seçkilərin nəticələri elan olunduqdan sonra ölkənin bir neçə iri şəhərində etiraz aksiyaları baş qaldırıb. Təkcə Moskvada 600 nəfərdən çox nümayişçi həbsə alınıb.
İkiüzlü ikiüzlülüklə qarşılaşanda gözləri dörd olur...
Sərvər Aslanov
O.M.






























































































