
Rusiya prezidenti MSK sədrini sehrbaz adlandırdı
Bu gün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Yevgeniy Çurov prezident Dmitriy Medvedevlə seçkilərin nəticəsi mövzusunu təhlil etdi. MSK rəhbəri prezidentin seçkiqabağı ehtimallarının düz çıxdığını bildirərək, onun şərəfinə xoş sözlər söylədi. Medvedev də öz növbəsində Çurovu tərif yağışına tutdu. Rusiya mətbuatının məlumatına görə, Rusiya prezidenti internetdə yerləşdirilmiş seçki prosesində neqativ halları əks etdirən videoların fakt kimi götürülməsinin əsassız olduğunu bildirərək, bunu təxribat adlandırdı. Prezident həmçinin seçkilərin Rusiyanın daxili işi olduğunu, buna xarici müdaxilənin yolverilməz olduğunu vurğulayaraq, ABŞ dövlət katibinin tənqidi fikirlərinə mesaj göndərmiş oldu.
MSK sədri isə prezidentə bildirdi ki, artıq bülletenlərin 99.999%-i işlənilib və əminliklə demək olar ki, yeni parlamentdə "Единая Россия (Vahid Rusiya)" 238, Kommunist partiyası 92, "Справедливая Россия (Ədalətli Rusiya)" - 64, Liberal Demokratlar isə 56 deputat mandatına layiq görülüblər.
Hesabatı diqqətlə dinləyən Dmitri Medvedev zarafatyana "Siz demək olar ki, sehrbazsınız. Sizi bəzi partiyaların liderləri bu cür adlandırırlar" deyib. MSK başçısı isə atmacaya atmaca ilə cavab verərək bildirib ki, mən hələ öyrənirəm.
Sonda prezident tezliklə parlamentdə mandat almış və parlamentdə təmsil olmayan partiyaların başçıları ilə görüşəcəyini bildirərək çıxışını maraqlı replika ilə yekunlaşdırıb: "Bizim demokratiya hələ inkişaf etməkdədir. O ideal sayıla bilməz."
Demokratiya bir çox ölkələrdə ideal sayıla bilməz. Çünki o, qanunların diktaturasıdır, qanunları isə rəhbərlər yazır...
Sərvər Aslanov
O.M.