Demokratik seçkinin şahidi olduq
Biz Xarici İşlər Nazirliyinin dəvəti ilə aprel ayının 5-dən Azərbaycana dəvət edilmişik. Aprel ayının 11-də ölkədə keçirilən prezident seçkilərini müşahidə etmişik. Bizim 16 nümayəndəmiz seçkiləri izləyib. Proses olduqca sakit və qaydalara uyğun şəkildə keçirilib. Biz məntəqələrdə olduq, seçicilərin səsvermə hüquqlarından istifadə edərək prosesdə iştirak etməsini izlədik. Əvvəlcə biz Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, MSK-nın rəhbərliyi ilə görüş keçirmişdik. Daha sonra monitorinqlər keçirdik. Ölkədə seçkinin demokratik keçirilməsinin şahidi olduq.
Bbunu aprelin 11-də keçirilən prezident seçkilərində iştirak edən Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi Rəşid Alimov deyib.
Alimovun sözlərinə görə, əsasə diqqət çəkən məqam seçki məntəqələrində kameraların yerləşdirilməsi idi:
"Bu, seçki prosesinin şəffaf izlənilməsi üçün vacib idi. Seçicilərin barmaqlarına görünməz sprey vurulurdu ki, bu, birbaşa seçki qaydalarının pozulmasının qarşısını almaq üçün ideal üsuldur. Biz seçki bitənə qədər öz müşahidəçilərimizlə prosesi izlədik. Daha sonra gecə yarısına qədər səslərin hesablanması prosesində də iştirak etdik. Bütün bunlarla yanaşı MSK rəsmi saytında müntəzəm olaraq nəticələrin yenilənməsi də operativliyi sübut edir. Ölkədə seçicilərin təhlükəsizliyini təmin etmək məqsədilə polislərin gücləndirilmiş iş rejimində çalışması da təqdirəlayiqdir. 3 mindən çox müşahidəçinin hər biri xüsusi təlim keçmiş insanlar idi. Biz bu faktı diqqətdən kənar qoya bilmərik. Yekun olaraq Şanxay müşahidəçiləri adından onu deyə bilərik ki, Azərbaycanda keçirilən seçkilər olduqca demokratik, dürüst və şəffaf şəkildə keçirilib. Azərbaycan xalqını təbrik edir, onun suverenliyinin, iqtisadi-siyasi uğurlarının artmasını arzu edirik"
































































































