“Dağlıq Qarabağ məsələsini gündəmə çıxarmaq təşəbbüsü Azərbaycanın səlahiyyətindədir”

“Dağlıq Qarabağ məsələsini gündəmə çıxarmaq təşəbbüsü Azərbaycanın səlahiyyətindədir”

6 Aprel 2018 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən artıq bu təşkilata sədrlik edəcək".

Bunu Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, burda Azərbaycan bir çox aktual məsələlərin müzakirəsində həm öz mövqeyini bildirəcək, həm də bu məsələlərə aydınlıq gətirəcək: "Eyni zamanda, düşünürəm ki, Dağlıq Qarabağ məsələsini gündəmə çıxarmaq təşəbbüsü Azərbaycanın səlahiyyətindədir. 120 dövlətdən ibarət olan Qoşulmama Hərəkatının əhəmiyyəti yüksəkdir. Çünki 2011-ci ildə Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə 155 dövlətin içərisindən 120-si bizə səs verib. Bu təşkilatda Azərbaycanın maraqlarına cavab verən qətnamələr də qəbul olunub və bu təşkilatın üzvü tək dövlətlər deyil, həmçinin beynəlxalq strukturlardır. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı onun kollektiv üzvüdür".

Politoloq əlavə edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın xeyrinə bir sıra qətnamələr qəbul edib: "Yəni bu hüquqi bazanı təmin etmək, yaratmaq və bu təşkilatda bu məsələni qabarıq şəkildə gündəmə çıxarmaq Azərbaycanın maraqları çərçivəsindədir və biz bunu edəcəyik. Bu da demək olar ki, məsələyə müəyyən dərəcədə yeni nəfəs verəcək. Çünki artıq bir sıra təşkilatların bizimlə bağlı qətnamələr qəbul etməsinə nail olmuşuq. Belə bir böyük təşkilat əgər hansısa bir qətnaməni qəbul edirsə, bizim xeyrimizə addımlar atırsa bu təbii ki, bizim siyasi uğurumuzdur".