
Bahar Muradova Rafiq Tağının müəmmalı qətli barədə danışdı
Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova "Media forum" saytının yazıçı-publisist Rafiq Tağıya sui-qəsdlə bağlı suallarını cavablandırıb. B.Muradova bildirib ki, bir insanın qətlə yetirilməsi, özü də belə xaincəsinə arxadan vurulması çox təəssüf doğuran haldır.
R.Tağının
qətlinin İranda onun ölümünə fitva verilməsi ilə bağlı olması ehtimalı ilə
bağlı sualı cavablandıran B.Muradova bildirib ki, səslənən bütün ehtimallar
hüquq-mühafizə orqanlarına öz işlərini görmək üçün ip ucu sayıla bilər:
"İstintaq qrupu bu ehtimalların hər birini yoxlamalıdır. Amma bir siyasətçi
kimi bu qətlin arxasında hansı qüvvələrin, kimin dayandığını qəti şəkildə
söyləyə bilmərəm. Hesab edirəm ki, bunu söyləmək doğru olmaz. Ayrı-ayrı
ölkələrdə bizim vətəndaşlar haqda hansısa fitvaların, qərarların verilməsinə
gəlincə, mən bunu doğru saymıram. Həmin ölkələrin hüquq-mühafizə orqanları belə
fitvalar, qərarlar verənlərə öz münasibətini bildirməlidir".
R.Tağının ölümünə fitva vermiş iranlı ayətullahlardan birinin - Məhəmməd Fazil
Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkərani Azərbaycan Respublikası
əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsinə görə müsəlmanları
təbrik etməsinə Azərbaycanın rəsmi qurumlarının reaksiya verməməsi ilə bağlı
isə B.Muradova bunu deyib: "Əgər İran rəsmiləri hansısa fikir səsləndirmiş
olsaydı, onda Azərbaycan dövlətindən belə bir cavab, reaksiya verilməsini tələb
etmək olardı. Deyirsiniz ki, bu şəxs İran mollasıdır. Molla belə bir fikirlər
səsləndirib. İran mollasının səsləndirdiyi fikirlərə qoy Azərbaycandakı
mollalar cavab versin də. Niyə cavab vermirlər? Azərbaycan mollaları cavab
versin və desinlər ki, öz ölkəndəki dini işlərlə məşğul ol, bizim dövlətin dini
işlərinə qarşıma. Azərbaycan dövləti hər hansı bir şəxsin sayıqlamasına
reaksiya verməməlidir. Amma hüquq-mühafizə orqanları öz işlərini görəcəklər".
B.Muradova deyib ki, bir qələm sahibinin, ümumiyyətlə, bir insanın qətlə
yetirilməsinə sevinənlərin insanlığa sığmayan mənəviyyat və hərəkət sahibi
olduqlarını düşünür.
O.M.