“Bu siyasi əxlaqsızlıqdır” – Deputatlar söyüş kampaniyasını şiddətlə qınadı
Avropadakı azərbaycanlıların apardığı söyüş kampaniyası ilə bağlı həmkarımız Siyavuş Novruzov KİV-ə müraciət etmişdi və biz də bu məsələ ilə bağlı öz mövqeyimizi ortaya qoymuşuq.
Azadinform xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, siyasi mübarizə siyasi əxlaq və intellektual səviyyədə aparılmalıdır. Onun sözlərinə görə, kimsə kiminsə mövqeyi, hakimiyyətin mövqeyi ilə razı olmaya bilər: "Lakin kiminsə kimisə təhqir etməsinə yol vermək olmaz. Bu siyasi əxlaqsızlıqdır".
Daha sonra çıxış edən deputat Eldar İbrahimov söyüş kampaniyasından istifadə edənləri erməni dəyirmanına su tökməkdə ittiham edib. O əlavə edib ki, hökumətin səhvi ola bilər, bizim də qüsurumuz ola bilər: "Bununla bağlı tənqid ola bilər, təhqir yol verilməzdir. Biz bunu qətiyyətlə pisləyirik. Müxalifətçilik söyüşlə olmaz".
Sonra çıxış edən deputat Ağacan Abıyev isə deyib ki, bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Deputat hesab edir ki, Azərbaycan belə insanlardan imtina etməlidir: "Onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar".
Ağacan Abiyev bir idmançı kimi deyib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. "Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli, onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır".
Daha sonra çıxış edən deputat Hikmət Babaoğlu deyib ki, bu qlobal imperializm Azərbaycan dövlətçiliyinə qarşı hücumudur. Deputat qeyd edib ki, buna qarşı beynəlxalq hüquq çərçivəsində mübarizə aparılmalıdır.
































































































