ABŞ Suriyada Türkiyəyə qarşı PKK terrorçularından istifadə edir
Suriyanın şimalında və Afrində nəzarəti əlində saxlayan kürd ünsürlər PKK-nın Suriya qolunu təşkil edir. ABŞ ordusunun istəyi ilə adını YPG-dən SDQ-ə çevirib və bu təşkilat tabeliyindəki bütün ünsürlər Qəndildə yerləşən PKK rəhbərliyinə hesabat verir.
Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məşhur ABŞ yazıçısı Roy Qatmanın "ABŞ-ın Suriyadakı kirli sirri: Əsədlə de-fakto ittifaq" adlı məqaləsində yazılıb.
Müəllifin sözlərinə görə, Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı ABŞ-ın gizlətməyə çalışdığı oyunun üstünü açıb. Belə ki, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə müttəfiq kimi istifadə etdiyi kürd ünsürlər Afrində küncə sıxışan kimi Əsəd rejimini köməyə çağırıb. Bu isə rəsmi Vaşinqtonun əslində Bəşər Əsəd rejimini dəstəklədiyi həqiqətini açıq şəkildə göstərib.
Məqaləsində YPG-nin PKK-nın Suriya qolu olduğunu qəti şəkildə vurğulayan Qatman Suriyadakı YPG rəhbərlərinin Qəndil qarşısında hesabat verdiklərini bildirib:
"Həm Obama, həm də Tramp administrasiyası çoxsaylı sübutlara baxmayaraq, SDQ rəhbərlərinin PKK-dan asılı olmadığını iddia etdi".
2012-ci ildə Bəşər Əsədin ölkənin şimalında bir çox ərazinin nəzarətini kürdlərə təhvil verdiyini bildirən müəllif Əsəd rejimi ilə terror qruplaşmasının əməkdaşlığının tarixi kökləri olduğunu bildirib. Bəşər Əsədin həmçinin PYD-yə də dəstək verdiyini yazan Qatman buna səbəb kimi üsyan qaldıra biləcək ünsürlərə qarşı mübarizədə PYD-nin müttəfiqliyini qazanmaq istəyini göstərib.































































































