Baş nazır həm də səhiyyə naziri təyin edilib
Bazar ertəsi, fevralın 5-də Knessetin plenar iclasında xeyli müddətdir barəsindəki korrupsiya ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarına ifadələr verən Binyamin Netanyahunun ölkənin səhiyyə naziri vəzifəsinə də təyinatı təsdiq olunub.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, bu qərar Knessetin 46 üzvü tərəfindən dəstəklənib, 36 deputat isə sənədin əleyhinə səs verib.
Netanyahu bu postda iki ay öncə şənbə günləri dəmir yolunda iş günü olmasıyla bağlı böhran fonunda istefa vermiş Yaakov Litzmanı əvəzləyəcək.
Hakimiyyətə gəldiyi ilk dövrlərdə də Netanyahu Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsini tuturdu. Ancaq sonradan "Yeş Atid" partiyası tərəfindən qaldırlmış iddiaya baxan İsrail Ali Məhkəməsi ("BAQAZ") B.Netanyahunun baş nazir postu ilə yanaşı, bir neçə nazir portfelini də əlində saxlamasının konstitusiyaya zidd olması haqda qərar vermişdi.
Knessetin sözügedən qərarından sonra isə Binjamin Netanyahu eyni zamanda Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və hökumətin rəhbəridir. Bu qərarın hazırda İsrail konstitusiyasıyla necə uyğunlaşdırılması haqda ətraflı məlumat verilmir.































































































