Polşa Holokostla bağlı qanunu qəbul edib
Polşa parlamentinin yuxarı palatası polşalıların Holokost qırğınının törədilməsində köməklik etməklə ittiham edilmələrini qadağan edən qanunu qəbul edib.
Azadinform xarici mətbuata istinadən xəbər verir ki, qanunu tənqid edənlər bunun tarixi yenidən yazmağa cəhd olduğunu bildiriblər.
Qanun həmçinin, Polşa ərazisində nasistlər tərəfindən yaradılmış ölüm düşərgələrinin "polşalıların" deyə adlandırılmasını da qadağan edir. Bu qanunu pozan insanları cərimə və ya 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məlumatlara görə, Polşa hökumətinin qəbul etdiyi bu qanun artıq İsrail hökumətində narahatlıqlara səbəb olub.
Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Polşa hökumətindən bu qanunu təsdiq etməməyi tələb etmişdi: "Mən bu qanunun qəti əleyhinəyəm. Tarix yenidən yazıla bilməz. Holokost reallığı rədd edilə bilməz".
Polşa hökuməti uzun müddətdir ki, faşistlərin yaratdığı ölüm düşərgələrinin qurulmasında polşalıların yardım etməsi mənasına gələn "polşalıların ölüm düşərgələri" ifadəsinə görə mübarizə aparır.
Bildirək ki, 1939-cu ildə Faşist Almaniyasının Polşanı işğal etməsindən sonra insanları toplu şəkildə və tez bir zamanda qətlə yetirmək üçün ölkədə Auşvits kimi həbs düşərgələri salınmağa başlanılıb. Müharibə illərində minlərlə polşalı ilə yanaşı, Holokost qırğını nəticəsində 3 milyon polşalı yəhudi də qətlə yetirilib.































































































