
"Dağlıq Qarabağ problemini Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə müzakirə edəcəyik"
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Azərbaycan xalqının qələbəsidir". Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə birgə keçirdiyi brifinqdə səsləndirib. Nazir bildirib ki, bu qələbə Azərbaycana səs verən ölkələrin ölkəmizi dəstəkləməsinin göstəricisidir.
"Azərbaycanın Təhlükəsizlik Şurasına müvəqqəti üzv
seçilməsi Qarabağ problemi ilə bağlı qurumda müzakirələr aparılmasına təsir edə
bilərmi" sualına nazir belə cavab verib: "Hansısa təşəbbüsü müzakirəyə çıxarmaq
üçün əvvəlcə şuranın beş daimi üzvünün dəstəyi olmalıdır. Onlardan üçü ATƏT-in
Minsk qrupunun həmsədridir. Bu məsələni beş daimi üzvlə müzakirə etməmişik,
amma edəcəyik".
E. Məmmədyarov deyib ki, Azərbaycan BMT TŞ-yə iki dəfə
sədrlik edəcək, bu gələn ilin may ayında və 2013-cü ilin sentyabrında olacaq:
"Biz belə nüfuzlu bir yerdə sədr olmaq üçün hazırlıq görməliyik".
Öz növbəsində, Q. Vaşadze Azərbaycanı bu qələbə münasibəti
ilə təbrik edib: "Belə bir tarixi anda Bakıda olduğuma görə çox şadam.
Azərbaycan diplomatiyası qalib gəlmək üçün çox böyük iş apardı".
Diplomatiyadakı qələbə hərbi müstəviyə keçməlidir...
Sərvər Aslanov
O.M.