
Xarici İşlər Nazirliyinin son məlumatı
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iki il ərzində Azərbaycan növbə ilə
Təhlükəsizlik Şurasının 1 ay müddətinə sədri funksiyalarını yerinə yetirəcək.
Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən
Təhlükəsizlik Şurasında 2 illik fəaliyyət üçün hazırlıq işləri aparılır və
Şuranın gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır. Bundan əlavə,
Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn 2 il
müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası
dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar
məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşır.
XİN-in məlumatında o da bildirilir ki, Azərbaycan 24
oktyabr 2011-ci il tarixində keçirilən 2012-2013-cü illər üzrə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə 155 BMT üzv dövlətinin
dəstəyini qazanaraq inamlı qələbə qazanıb.
Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən
böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan
siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu qələbənin
müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir.
Belə ki, Azərbaycan ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi
göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin
rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində
beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilib.
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT
Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub.
Eyni zamanda, bu da simvolik bir haldır ki, Azərbaycan bu
tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan 24 oktyabr tarixində əldə edib.
BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin
təmin edilməsi üzrə BMT-nin məsul qurumu olub, 5 daimi və 10 qeyri-daimi üzvdən
ibarətdir. Şura dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas
müzakirə və qərar qəbul etmə məkanıdır.
Biz dünyanı yaxşı tanıdıqca onlar da bizi tanımağa başlayırlar...
Sərvər Aslanov
O.M.