BMT TH-na seçkidə Azərbaycan Sloveniyanı üstələdi

BMT TH-na seçkidə Azərbaycan Sloveniyanı üstələdi

24 Oktyabr 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)
Bu hal erməniləri və rusları narahat edir

"Azərbaycanın təcrübəsi Ermənistan üçün çox dəyərli ola bilər" başlıqlı məqalə bu gün erməni saytlarının əsas xəbərlərindən birinə çevrilib. Belə ki, dünya siyasətini təhlil edən ekspertlər birmənalı şəkildə Azərbaycanın beynəlxalq uğurlarından, bu tendensiyanın sürətlə davam etməsindən danışırlar. "Azərbaycan 20 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb, qonşuları bunu mütləq dəyərləndirməlidirlər", - deyə Analitika.at.ua saytına müsahibə verən Qafqazşünaslıq Elmi Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Krılov son hadisələrə fikir bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlüyünə səsvermə zamanı Azərbaycanın Sloveniyanı xeyli üstələdiyini bildirib və bunun təsadüfi olmadığını vurğulayıb. A.Krılov deyib: "Səsvermə real vəziyyətə bariz nümunədir. Azərbaycan son səsvermədə 113 səs, NATO və Avropa İttifaqının tamhüquqlu üzvü Sloveniya isə 77 səs topladı. Azərbaycana nəticəni əldə etmək üçün cəmi 14 səs çatmadı. Sonuncu səsvermə 24 oktyabrda keçiriləcək. Kimin şansının daha böyük olduğu məlumdur. "

Daha sonra müəllif Azərbaycanın 20 il ərzində keçdiyi uğurlu yolu və dinamik siyasətin nəticələrini təhlil edib. O, qonşu ölkələrin, o cümlədən Ermənistanın 20 il ərzində yerində saymaqla məşğul olduğunu vurğulayıb. Onu da əlavə edib ki, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan Ermənistanın işğalçı dövlət olduğunu sübuta yetirməyi bacarıb. Ermənistan isə hələ də I Qarabağ müharibəsinin nəticələrindən başgicəllənməsi keçirir. Müəllif çıxışının sonunda erməni diaspor təşkilatlarını Azərbaycana qarşı birgə mübarizəyə səsləyib, lakin bunun effektivliyinə o qədər də inanmadığını vurğulayıb.

Azərbaycanın uğuru onun birliyindədir. Ulu öndər demişkən: "Mən azərbaycanlı olduğumla fəxr edirəm".

Hafiz Əhmədov

O.M.