
Türkdilli ölkələr Rusiyanın imperiya maraqlarına qarşı
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib. Görüşdə ikitərəfli və regional məsələlər, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Həmçinin Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən zirvə toplantısında Türkdilli Ölkələrin İş Şurasının yaradılması məsələsinin detallarına toxunulub.
"RİA Novosti" xəbər agentliyinin məlumatına görə, İş
Şurasına türkdilli ölkələrin iri şirkətləri və təşkilatları daxil olacaq. Artıq Qazaxıstan,
Azərbaycan, Qırğızıstan və Türkiyənin hökumət nümayəndələrinin iştirakı ilə
Şuranın ilk iclası da keçirilib. İclasda iqtisadi əməkdaşlığın aktual
məsələləri və perspektivi müzakirə olunub. Bundan başqa, toplantı çərçivəsində
4 ölkənin işgüzar dairələrinin görüş və danışıqları keçirilib.
Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı
bildirib ki, İş Şurasının qarşısında 2 əsas vəzifə var - yeni əməkdaşlıq
istiqamətlərinin axtarışı və qarşılıqlı iqtisadi-ticarət əlaqələrində yaranan
əngəllərin aradan qaldırılması: "Mən bilirəm ki, sahibkarlar gömrük proseduralarından
şikayət edirlər. Ticarət əlaqələrində gömrük məsələsi böyük rol oynayır".
Sərhədləri keçmək və tranzit sənədləri almaq sahəsində
problemlər olduğunu vurğulayan X. Akıncı bu problemlərin həlli üçün İş Şurası
çərçivəsində nəqliyyat və rabitə agentliyinin yaradılmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
türkdilli ölkələrin dövlət başçılarının Almatı sammitinə qatılmayacaq. O, son
terror hücumları ilə əlaqədar səfərini ləğv edib. Türkiyəni baş nazirin müavini
Bəkir Bozdağ təmsil edəcək. Toplantını yekunları əsasında Almatı Bəyannaməsi
imzalanacaq.
"Türkdilli ölkələr Rusiyanın prezidenti seçiləcək Putinin Avrasiya İttifaqı
yaratmaq fikrinə alternativ təqdim edirlər. Bununla da Rusiyanın imperiya
maraqlarının qarşısını almaq istəyirlər", - deyə Türkiyənin "Vatan" qəzeti
məsələyə aydınlıq gətirir.
Ulu öndər M.K. Atatürk demişkən: "Türkün türkdən başqa dostu yoxdur".
Sərvər Aslanov
O.M.