Karapetyan Sərkisyanı Qarabağla bağlı proseslərdən kənarlaşdıracaq - ehtimal

Karapetyan Sərkisyanı Qarabağla bağlı proseslərdən kənarlaşdıracaq - ehtimal

3 Fevral 2017 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Elçin Mirzəbəyli: "İşğalçı Qarabağ müstəvisində manevr və manipulyasiya imkanlarını genişləndirmək, münaqişənin həllini uzatmaq üçün zaman əldə edə bilər"

"Əgər Ermənistanda keçirilən parlament seçkiləri Serj Sərkisyanın ssenarisi üzrə baş tutarsa, o zaman bu, sadəcə, işğalçı ölkənin mövcud hakimiyyətinin bir formadan başqa bir formaya transformasiya olunması anlamına gələcək. Yəni sadəcə, toplananların yeri dəyişiləcək". Politoloq Elçin Mirzəbəyli bunu "Yeni Müsavat"a açıqlaması zamanı bildirdi.

Qeyd edək ki, işğalçı ölkədəki parlament seçkilərindən sonra əsas səlahiyyətlər baş nazirə keçəcək. Moskva səfərindən sonra artıq baş nazir Karen Karapetyan Sərkisyana iradə nümayiş etdirməyə başlayıb. Düzdür, ölkə prezidenti baş naziri zərərsizləşdirmək üçün bir sıra addımlar atıb. Ancaq hesab olunur ki, Kremlin dəstəyini qazanan Karapetyan prezidentliyinin sonuncu ilini yaşayan Sərkisyana vaxtından qabaq yerini göstərməyə hazırlaşır. Yaxın zamanlarda Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklərin olacağı xəbəri yayılıb. Baş nazirin hətta özünün təyin etdiyi məmurlara da "rəhm etməyəcəyi" bildirilir. Göründüyü kimi, baş nazir özünə komanda yığır. Proseslərin növbəti mərhələsində "ofsayd"da qalan Serj Sərkisyanın Qarabağ danışıqlarından da kənarlaşdırıla biləcəyi ehtimalı səslənir. Onsuz da qeyri-konstruktiv mövqeli qatil prezidentin nə ölkə daxilində normal imici var, nə də Azərbaycan tərəfdən ciddi fiqur sayılır. Üstəlik, aprel döyüşlərindən sonra Sərkisyanın Rusiyanı Merkelə satmasını da Kremldə unutmayıblar. Bu mənada Karapetyanın Qarabağ danışıqlarında təşəbbüsü ələ ala biləcəyini söyləyənlər hardasa haqlıdır.

E.Mirzəbəyli də təsdiqləyir ki, proseslərin Sərkisyanın ssenarisi üzrə inkişaf edib-etməyəcəyi nəinki Ermənistanın indiki prezidentindən, hətta bu ölkənin siyasi partiyalarından və vətəndaşlarından da asılı deyil: "Ermənistanda keçirilən bütün seçkilərin nəticələri Moskvada müəyyənləşdirilir, Ermənistan siyasətçiləri isə Kremlə yaxın olmaq uğrunda mübarizə aparırlar. İndiki şəraitdə çox şey Moskvanın təlimatından, yaxın və uzaq hədəflərə hesablanmış ssenarilərindən, Ermənistanın regiondakı gələcək rolu ilə bağlı prioritetlərindən asılıdır. BMT-nin rəsmi statistikasına görə, 1992-ci ildən etibarən Ermənistan əhalisinin 1/3 hissəsindən çoxu ölkəni həmişəlik tərk edib. Nəzərə çatdırım ki, bu, 2016-cı ilə qədər olan göstəricidir. Müxtəlif mənbələrdə 2016-cı ildə, xüsusilə də aprel döyüşlərindən sonra Ermənistanı həmişəlik tərk edənlərin sayının 60-100 min nəfər arasında olduğu bildirilir. Qeyd edim ki, ölkəni tərk edənlər əsasən gənclər, ictimai-siyasi həyatda fəal olan, bir çox hallarda isə rejimin siyasətini qəbul etməyən insanlardır. Çox güman ki, demoqrafik vəziyyət də seçki prosesinə öz təsirini göstərəcək".

Lakin ekspert deyir ki, bununla yanaşı, həm seçki öncəsi, həm də sonrası qarşıdurma ehtimalı da istisna olunmur: "Aprel döyüşlərindən sonra Serj Sərkisyanın Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşdüyünü və bu görüşdən sonra ikincinin rəhbərlik etdiyi Erməni Milli Konqresinin seçkilərə "Sülh və yaxın qonşuluq" şüarı ilə getdiyini də nəzərə alsaq, bir sıra maraqlı ehtimallar da irəli sürə bilərik. Məsələn, ola bilsin ki, hər iki Qarabağ canisi arasında müəyyən həm sülh, həm də müharibə tərəfdarlarının nəzarətdə saxlanılması və idarə etməsi üçün müəyyən razılaşma olub. Bu razılaşma əsasında Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi hansısa səlahiyyətlər də əldə edə bilər. Bununla da Dağlıq Qarabağ müstəvisində manevr və manipulyasiya imkanlarını genişləndirmək, münaqişənin həllinin uzadılması üçün zaman əldə edə bilərlər. Təsəvvür edin, sülh və müharibə tərəfdarlarının qarşıdurması parlament müstəvisində keçirilir, bu müstəvidə müxtəlif qanun layihələri hazırlanıb komitələrə təqdim olunur, komitələrdə uzun müddət müzakirələr aparılır, sonra plenar iclasa çıxarılır, plenar iclasda səsvermə baş tutmur, yaxud yenidən işlənilməsi üçün yenidən komitələrə qaytarılır və s. Yəni ötür-ötür oyunu başlayır".

Politoloq bildirdi ki, eyni yanaşma sülh sazişi ilə bağlı məsələ gündəmə gələndə də baş verə bilər: "Nəticədə bir neçə il də parlament şoularına həsr olunar. Təbii ki, bütün bunlar ehtimallardır, amma reallaşması mümkün olan ehtimallardır. Bu baxımdan, Sərkisyanın prosesdən kənarlaşdırılması, yaxud bu uşaq qatilinin, Xocalı canisinin yenə də aparıcı mövqedə dayanması son nəticədə rəsmi İrəvanın Qarabağ məsələsində əvvəlki mövqelərindən geri çəkilməsi anlamına gəlməməlidir".

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə danışıqlar yolu ilə yalnız bir halda son qoyula bilər - Rusiya bunu istəsə: "Rusiya isə hələ istəkli görünmür. Əksinə, Lavrovun son açıqlaması və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun proses barədə səsləndirdiyi fikirlər Moskvanın münaqişənin həlli istiqamətində real addımlar atmaq niyyətində olmadığını nümayiş etdirir. Hətta xarici işlər nazirlərinin görüşü də Rusiyanın aparıcı mövqedə dayandığı prosesdə irəliləyişin olmayacağı təəssüratını yaradır. Hazırda görünən odur ki, Moskva status-kvonun qorunub saxlanılmasında maraqlı deyil. Şübhəsiz, Rusiyanın maraqlı olmadığı bir məsələdə Ermənistan, ümumiyyətlə, maraqlı ola bilməz. Qənaətimə görə, Moskva münaqişənin həlli üçün şərtlərin daha da ağırlaşmasını, hətta çıxılmaz bir vəziyyətə düşməsini gözləyir. Məqsəd isə həmin o çıxılmaz vəziyyətdə yalnız Rusiyanın şərtlərinin qəbul olunması üçün zəmin yaratmaqdan ibarətdir".

Mediainfo.az