Dünyanın iki nəhəngi savaş astanasında: ABŞ-ın sanksiya qərarına Kremldən sərt cavab
Politoloq: "Rusiya rəhbərliyi hazırkı ABŞ administrasiyasının zəif damarını tutub"
ABŞ və Rusiya arasındakı gərginlik artan xətt üzrə davam edir. Hesab olunur ki, bugünlərdə Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməsi münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq. ABŞ prezidenti Barak Obamanın bəyanatından da göründüyü kimi, dünyanın iki nəhəng güc mərkəzi arasındakı "soyuq müharibə" hələ uzun müddət davam edəcək.
Obamanın "Biz Rusiyanın maliyyə, energetika və müdafiə sektoruna qarşı sanksiyaları genişləndirəcəyik. Bu sanksiyalar Rusiyanın siyasi baxımdan təcridini sürətləndirəcək və xüsusilə prezident Putin üçün əhəmiyyətli olan sahələrə təsir edəcək", - bəyanatına isə Rusiyadan cavab gəlib. "Rusiya ABŞ sanksiyalarına qeyri-simmetrik cavab qismində tədbirlər silsiləsi hazırlayıb"-deyə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. "ABŞ-ın Rusiyaya münasibətdə sanksiya siyasəti artıq uzun müddətdir, davam edir. Biz bu dövrdən müəyyən araşdırma işi aparmaq və məhz qeyri-simmetrik rejimdə tətbiq edilə biləcək tədbirlər silsiləsi hazırlamaq üçün istifadə etmişik", - Ryabkov Rusiya Federasiya Şurasında çıxışı zamanı söyləyib. Dünyanın iki nəhənginin qarşıdurması, hətta qarşılıqlı şəkildə davam edən nüvə təhdidləri Azərbaycanda da həssaslıqla müşahidə olunur.
"ABŞ-Rusiya münasibətləri SSRİ-nin dağılması, "soyuq müharibə"nin bitməsi, Varşava Paktının ləğvi və bütün bunların nəticəsində bipolyar dünya düzəninin aradan qalxmasından bəri ən gərgin dövrünü yaşayır". Politoloq Şahin Cəfərli ABŞ-Rusiya gərginliyini "Yeni Müsavat"a şərh edərkən bunları söylədi. Onun fikrincə, hazırda tərəflər arasında əməkdaşlıq minimal səviyyəyə enib: "ABŞ-ın Suriya probleminin həlli üzrə Kremllə dialoqu dayandırmasının əvəzində, Rusiya hərbi sahədə bu ölkə ilə imzaladığı bir sıra razılaşmalardan birtərəfli qaydada çıxıb. Münasibətlərin səviyyəsi, yaranmış qarşılıqlı etimadsızlıq, səslənən bəyanatlar getdikcə "soyuq müharibə" dövrünü daha çox xatırladır. Bunun səbəbi təkcə Suriya məsələsi deyil. Səbəb Rusiyanın neoimperial iddialarını yenidən ortaya qoyması, bu çərçivədə Gürcüstan və Ukraynadakı işğalçılıq siyasəti, geosiyasi müstəvidə Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi təşkilatlar vasitəsilə bipolyar olmasa belə, polisentrik düzənin formalaşmasına çalışmaqla, eləcə də ordusunu modernizasiya etməklə ABŞ-ın qlobal liderliyinə meydan oxumaq cəhdlərindən qaynaqlanır. ABŞ Ukraynadakı hadisələrdən sonra bu cəhdlərə qarşı hərəkətə keçdi və "soyuq müharibə" dövründəki məşhur "containment" siyasətinə qayıtdı. Bu siyasət Putin Rusiyasının öz hərbi qüdrətini bərpa etməsinin əngəllənməsinə, onun iqtisadi inkişafına və ekspansiya siyasətinə qarşı yönəlib. Sanksiyalar məhz bu məqsədə xidmət edir".
Ş.Cəfərli hesab edir ki, sanksiyaların iki istiqamətdə Rusiyaya ciddi təsiri var: "Birincisi, Rusiyaya müasir texnologiyaların transferinə qoyulan qadağa; ikincisi, Rusiyanın Qərbin maliyyə institutlarından ucuz kredit cəlb etməsinin əngəllənməsi. Əgər sanksiyalar yaxın dövrdə ləğv olunmazsa, xüsusən texnoloji embarqo Rusiyaya orta və uzun vədədə sarsıdıcı zərbə vuracaq. Məsələn, proqnozlara görə, neft sənayesində hasilatın çətin olduğu dərin yataqlarda, dəniz şelfində hasilat qeyri-mümkün olacaq, bu isə tədricən Rusiyanın neft ixracının azalmasına gətirib çıxaracaq. İqtisadi tənəzzülün ən neqativ nəticələrindən biri isə Rusiyadan "beyin axını"nın güclənməsidir. İstedadlı, yüksək ixtisaslı rusiyalılar daha yaxşı həyat, daha yüksək qazanc dalınca Avropaya və Amerikaya gedirlər. Ölkəni tərk edənlərin əksəriyyəti gənc və orta nəsildir ki. bu da Rusiyada demoqrafik problemin getdikcə kəskinləşməsinə səbəb olacaq. Rusiyanın Ukraynadakı aqressiv addımları mövcudluğu mübahisə mövzusuna çevrilmiş NATO-nu dirçəltmək, hərbi xərclərini azaldan avropalıları bundan çəkindirmək və əksinə, avroatlantik təhlükəsizliyə daha çox vəsait ayırmağa sövq etmək baxımından da amerikalılar üçün yaxşı fürsət yaratdı. NATO-nun 2016-cı il Varşava sammitində Rusiya ilə həmsərhəd Baltik ölkələri və Polşada hərbi kontingentin yerləşdirilməsi barədə qərar Rusiyanın NATO hərbi infrastrukturu ilə çevrələnməsi strategiyasının tərkib hissəsidir".
Ekspert xatırlatdı ki, son olaraq Rusiya ilə həmsərhəd Norveç də öz ərazisində ABŞ hərbi kontingentini yerləşdirmək qərarına gəlib: "Rusiyanın Avropaya bütün çıxış istiqamətlərində NATO hərbi infrastrukturu qurulur ki, bu da Rusiyanın şərqi və mərkəzi Avropada itirdiyi mövqeləri bərpa etməsinin önünə sədd çəkir. Rusiya buna nail olmadan Avrasiyada arzuladığı hökmranlığı qura bilməz. ABŞ həm də qlobal raket hücumundan müdafiə sistemi yaratmaq istiqamətində çalışmaları davam etdirir. Bu sistemin Avropa hissəsinin yerüstü elementlərindən biri - Rumıniyadakı "Aegis Ashore" artıq fəaliyyətə başlayıb, analoji sistem Polşada da qurulur və 2018-ci ildə hazır olacaq. Yerüstü sistemlər dəniz komponenti ilə, yəni gəmilərdə qurulmuş "Aegis"lərlə inteqrasiya olunmuş şəkildə, vahid çətir kimi fəaliyyət göstərəcək. Artıq sistemin Asiya komponentinin yaradılması istiqamətində də addımlar atılır və Cənubi Koreyada raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi üçün bu ölkə ilə ABŞ arasında razılıq əldə olunub. Qlobal raket hücumundan müdafiə sisteminin yaradılmasında məqsəd ABŞ-a və Avropaya qarşı potensial ballistik raket hücumu təhlükəsini tamamilə neytrallaşdırmaqdan ibarətdir. Həmin qlobal sistemi qurulması nəticəsində Rusiyanın, eləcə də Çinin nüvə potensialı öz strateji əhəmiyyətini itirəcək, bu isə ABŞ-ın qlobal miqyasda yeganə super güc kimi qalmağa davam etməsi mənasına gəlir".
Ş.Cəfərli Rusiyanın Qərb təhlükəsinə qarşı reaksiyasından da bəhs etdi: "NATO-nun öz şərq cinahını gücləndirməsinə və ABŞ-ın Avropada raket hücumundan müdafiə sistemi formalaşdırmasına Moskvanın cavabı ölkənin ən qərb nöqtəsi Kalininqrada nüvə başlıqları daşıya bilən "İsgəndər" operativ-taktiki raket kompleksi yerləşdirməsidir. İki ölkə arasındakı mümkün hərbi qarşıdurmada hərbi-texnoloji imkanlarına görə ABŞ-ın malik olduğu üstünlük Rusiya siyasi-hərbi rəhbərliyinə də məlumdur. "C-300" və "C-400" zenit-raket sistemləri bu gün həddən artıq şişirdilir, ABŞ-ın əlində həmin kompleksləri sıradan çıxara biləcək "F-22 Raptor" hərbi təyyarələri, "B-2" strateji bombardmançıları və digər vasitələr var. Sadəcə olaraq, Rusiya rəhbərliyi hazırkı ABŞ administrasiyasının, necə deyərlər, zəif damarını tutub və Yaxın Şərqə böyük hərbi qüvvə cəmləşdirərək Vaşinqtona təzyiq göstərir.
Bu zəiflik iki məqamdan qaynaqlanır: birincisi, Obamanın səlahiyyət müddəti başa çatır və o, hər hansı taleyüklü qərarlar qəbul etmək istəməyərək Ağ Evdəki son aylarını sakit başa vurmaq istəyir. İkincisi, Obamanın Nobel sülh mükafatı laureatı olması onun üçün tormozlayıcı amildir. Obama bu adı sonadək doğrultmaq fikrindədir və BMT Təhlükəsizlik Şurasından kənar, birtərəfli qərarların qəbulundan və ölkəsini silahlı münaqişəyə cəlb etməkdən israrla qaçır. Suriya məsələsində ciddi qərarlar qəbul etmək Hillari Klintonun öhdəsinə düşəcək. İstənilən halda, mən ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalının çox zəif olduğunu, böyük nüvə arsenalına malik bu dövlətlərin "qırmızı xətti" keçməyəcəklərini düşünürəm".
E.PAŞASOY






























































































