Roma Papasının işğalla bağlı susması ciddi etiraz doğurub

Roma Papasının işğalla bağlı susması ciddi etiraz doğurub

4 Oktyabr 2016 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Politoloq: "Roma Papası Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoyub"

Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfər etməsi ictimaiyyət arasında ciddi müzakirə mövzusuna çevrildi. Papanın ünvanına tənqidi fikirlər daha çox müzakirələrdə yer alır. Fransiskin qınaq obyektinə tuş gəlməsinə səbəb ölkəmizdə Azərbaycanın ərazi bütövlüyü barədə danışmaması, torpaqlarımızı işğal edən təcavüzkar ölkənin ünvanına bir kəlmə də olsun tənqidi fikir səsləndirməməsi oldu.

Roma Papası əvvəldən gözlənildiyi kimi, şablon ifadələrə və çağırışlara daha çox yer ayırdı. Amma bu ilin iyununda Ermənistana səfər edən Fransisk qondarma "erməni soyqırımı" abidəsini nəinki ziyarət etmişdi, hətta ermənilərə rəğbətini gizlətməkdən belə çəkinməmişdi. Papanın qəzəb doğuran siyasəti təkcə bununla bitmədi. Azərbaycana səfərindən bir gün öncə Gürcüstanda olan Fransisk açıq şəkildə qonşu ölkənin ərazi bütövlüyünü dilə gətirmişdi, amma ölkəmizdə təcavüzə məruz qalan Dağlıq Qarabağ torpaqlarımız barədə susdu.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Roma Papası Ermənistana, Gürcüstana gəlib, Azərbaycana səfər etməyə bilməzdi: "İyunun 24-də Fransisk Ermənistana səfər edəndən sonra artıq məlum olmuşdu ki, oktyabrın əvvəllərində Gürcüstan və Azərbaycana gələcək. Buna uyğun olaraq ölkəmizə gəldi və açıqlamalarını verdi. Düşünürəm ki, əvvəlcədən hazırlanmış açıqlamalar idi. Ermənistana səfərindən sonra Vatikandan belə açıqlama verilmişdi ki, Roma Papası Azərbaycana "hamımız qardaşıq" şüarı ilə gələcək. Bunu tənqid etmişdim. Çünki Papa düşmən ölkədə Azərbaycan cəmiyyətinin və siyasi elitasının narazılığına səbəb olan fikirlər səsləndirmişdi. Demişdi ki, Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur.

Bu o demək idi ki, torpaqlar işğal olunub, Azərbaycan bunun uğrunda mübarizə aparmasın. Bu fikirlər bizim mənəviyyatımızı alçaltmaq mənasına gəlirdi. "Hamımız qardaşıq" şüarının anlamı o idi ki, torpaqlarınız işğal olunsa da, ermənilərlə də qardaş olun. Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi. Çünki o, Bakıdakı çıxışların heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" ifadəsini işlətmədi. Əskinə, Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı. Sadəcə, əvvəlcədən hazırlanmış şablon ifadələri dilə gətirdi. Prezident İlham Əliyev çıxışında faktiki olaraq, Papanın və gələn qonaqların diqqətini işğal olunmuş Azərbaycan torpaqlarına yönəltdi. Sonra çıxış edən Papa ümumi danışdı, nə Dağlıq Qarabağdan söz açdı, nə də ölkəmizin ərazi bütövlüyündən danışdı. Bu da o demək idi ki, Roma Papası Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoyub. Bu da narazılıq doğurmaya bilməzdi. Əslində Papanın kimin tərəfində olduğu məlumdur. Bu baxımdan Azərbaycanın haqlı mübarizəsinə dəstək verəcəyi gözlənilmirdi".

Politoloq Papanın səfərinin əhəmiyyətli olan hissəsinə də toxundu: "Azərbaycan prezidenti dövlət siyasəti multikulturalizm, dini və irqi dözümlülüyə yönəlib. Azərbaycanda bunların hamısı var və inkişaf edir. Bu bizim üstünlüyümüzdür ki, Roma Papası da bunu Bakıda vurğuladı. Fransiskin Azərbaycana səfərini çoxsaylı xarici kanallar verdi, milyardlarla insan gördü. Bu da bizim imicimizin xeyrinədir. Yəni Roma Papasının səfərini iki baxışdan izah etmək olar. Multikulturalizm siyasətinə dəstək verdi, amma torpaqlarımızın ərazi bütövlüyünə toxunmadı. Bu da onu göstərdi ki, Qərb dövlətləri kimi Vatikan da işğalçı və işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur. Açığı bu səfərlərdə Papanın Ermənistana daha çox dəstək verdiyini gördüm. Əgər Ermənistanda "Azərbaycanda deyəcəm ki, torpaq uğrunda vuruşmağa dəyməz" fikrini səsləndirmisənsə, o zaman Azərbaycanda da balansı qorumaq üçün bu tipli açıqlama verməliydin.

Bu da balansın qorunması olardı. Yaxud Ermənistanda qondarma abidəni ziyarət etdi və "soyqırım olub" ifadəsini işlətdi. Amma ölkəmizə gələndə Şəhidlər Xiyabanını ziyarət edərkən bir kəlmə də olsun ki, şəhidlərimiz barədə fikir səsləndirmədi. Doğrusu, heç bu tipli açıqlamaları Papanın dilindən gözləmirdim. Amma bununla belə Azərbaycan tərəfindən rəsmi şəkildə reaksiya verilməsi doğru olmazdı. Rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın muzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur.

Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır. Birinci məsələdə müsbət nəticə var, ikincidə yoxdur". (musavat)

Mediainfo.az